BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib Bakı Dövlət Universiteti (BDU) 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib.
Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” müsabiqəsinin məqsədi universitetin yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə üzrə qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi” adını alacaq, BDU-nun döş nişanı, diplom və pul mükafatları ilə təltif ediləcəklər. Nominasiyalar bunlardır: təbiət və texnika elmləri üzrə 1 mükafat (2 000 manat), humanitar və ictimai elmlər üzrə 1 mükafat (2 000 manat).
Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilmə meyarları BDU-nun rəsmi saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2021-ci il yanvarın 11-dən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur. Müvafiq sənədlər və digər müşayiətedici materiallar yanvarın 25-i saat 17:00-dək qəbul olunacaq.
İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər. Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və təqdimolunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir. Təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həmmüəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır. Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.
Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.
Əlavə məlumatı (+994 12) 538 60 63 əlaqə nömrəsindən və [email protected] poçt ünvanından əldə etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər