Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzinə kino sənətinə aid yeni nəşr hədiyyə edilib

Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzinə kino sənətinə aid yeni nəşr hədiyyə edilib Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə yeni çap olunmuş tərcümə əsəri hədiyyə edilib.
Dünya kino sənətinə “Güzgü”, “Salyaris”, “Andrey Rublyov”, “Staker”, “Qurbanvermə” və “Həsrət” kimi şedevrlər bəxş etmiş görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin (1932-1986) “Kino sənətinin sirləri haqqında” əsəri ilk dəfə Azərbaycan dilində nəşr olunub.
Əsərdə A.Tarkovskinin kino sənəti barədə mühazirələri, onun fəlsəfi düşüncələri və elmi-nəzəri məqalələri toplanıb. Kitabın “Kino cəmiyyətin aynasıdır”, “Kino rejissorluğu üzrə mühazirələr”, “Sənət ideal axtarışında”, “Həkk olunmuş zaman”, “Sənətkar məsuliyyəti”, “Həsrətdən sonra”, “Kino sirli aləmdir” və “Görüşlər, çıxışlar, müsahibələr” adlı fəsillərində kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi yaradıcılıq incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir, eyni zamanda, müəllifin çəkdiyi filmlərdən, onların yaranma şəraitindən bəhs edilir.
Bütün filmlərində insanın mənəvi-əxlaqi problemlərini araşdıran müəllifin bu kitabını kinoşünaslıq, rejissorluq və aktyor sənətinin tədrisinə töhfə hesab etmək olar. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap olunmuş bu kitabdan ADMİU-nun tələbələri əvəzedilməz dərs vəsaiti kimi də istifadə edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər