“Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabı nəşrə hazırlanır

“Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabı nəşrə hazırlanır Azərbaycan Dillər Universitetində (ADU) “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının nəşri ilə bağlı toplantı keçirilib.
Universitetin rektoru, akademik Kamal Abdulla toplantıda bildirib ki, kitabın hazırlanması vacib və strateji məsələdir. ADU-nun layihəyə cəlb olunan üzvləri öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Kitabın hazırlanmasında Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası, Xarici dillər, Fransız dilinin leksikologiyası, Fransız dilinin fonetikası və qrammatikası, Alman dilinin fonetikası və qrammatikası kafedraları, digər kafedra və mərkəzlər birgə fəaliyyət göstərirlər. Kitabın birinci cildi üzrə aparılan bütün işlər yekunlaşmaq üzrədir. 1994-2003-cü illər üzrə materialların toplanması işi davam etdirilir.
“Bu, böyük bir layihədir. Hesab edirəm ki, ortaya həddindən artıq vacib və maraqlı iş çıxacaq. Təsəvvür edin, Avstraliyada, Amerikada, Almaniyada Azərbaycan haqqında nə düşünüblərsə yazıblar və biz bunu təqdim edəcəyik. Bir az keçsin, bu işi İndoneziyada edəcəyik, bir az keçsin Çində. Əmin olun ki, bu işin içindən neçə namizədlik dissertasiyası çıxacaq”, - deyə rektor bildirib.
O əlavə edib ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu layihəni yüksək dəyərləndirib: “Qənirə Paşayeva bu ideyanın çox maraqlı və əhəmiyyətli olduğunu vurğuladı. Bildirdi ki, hər kəs bu layihəyə gücü çatan qədər dəstək olmalıdır”.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və başqaları layihənin icrası ilə bağlı görülmüş işlər haqqında məlumat veriblər.
Qeyd olunub ki, bu kitab geniş ictimaiyyətin maarifləndirilməsinə, eyni zamanda, tədqiqatçıların işinə, tələbələrin dünyagörüşünün genişlənməsinə kömək baxımından əvəzsiz vasitəyə çevriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər