BDU-da “Ulu tariximizin sorağı ilə: Azıx mağarası” mövzusunda mühazirə

BDU-da “Ulu tariximizin sorağı ilə: Azıx mağarası” mövzusunda mühazirə Bakı Dövlət Universitetində (BDU) “Ulu tariximizin sorağı ilə: Azıx mağarası” mövzusunda onlayn mühazirə oxunub.
BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə mövzu ilə bağlı məruzə edib. Məruzədə Azərbaycanın zəngin tarixi keçmişi, misilsiz abidələr diyarı olduğu, Vətənimizin hər qarış torpağında ulu tariximizin bütün ardıcıl inkişaf mərhələlərini əhatə edən maddi-mədəniyyət nümunələrinə rast gəlməyin mümkün olduğu bildirilib.
Qeyd edilib ki, abidələrin nadir nümunələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun azad etdiyi əzəli Azərbaycan torpaqları olan Qarabağ ərazisindədir. Nümunə üçün planetimizin daş dövrünə aid ən qədim mağara düşərgələri sayılan Azıx və Tağlar, eyni zamanda, Şuşa mağara düşərgələrini göstərmək mümkündür.
Azıx mağara düşərgəsinin coğrafi mövqeyindən bəhs edən alim onun Qarabağ yaylasının cənub-şərq ətəklərini tutan Quruçay dərəsində, dəniz səviyyəsindən 9 metr yüksəklikdə yerləşdiyini, bu abidənin Qafqazın ən möhtəşəm karst sığınacağı sayıldığını qeyd edib. Mağaranın tədqiq məsələlərindən bəhs edən professor abidənin 1960-cı ildə Azərbaycanın tanınmış arxeoloqu Məmmədəli Hüseynov tərəfindən öyrənildiyini, aparılmış arxeoloji qazıntılar zamanı mağarada daş dövrünün bütün qədim ardıcıl mərhələlərinin üzə çıxarıldığını nəzərə çatdırıb. 1968-ci ildə aşkar edilmiş antropoloji tapıntı bütün dünya arxeologiyası üçün əlamətdar tarixi hadisə olub. Həmin tapıntını M.Hüseynov azıxantrop (“Azıx adamı”) adlandırıb. 1971-ci ildə Məmmədəli Hüseynovun Şuşa şəhəri yaxınlığında aşkar etdiyi mağara düşərgəsi də Azərbaycan arxeologiyası üçün nadir sayılıb və Azərbaycanda daş dövrü arxeologiyası üçün əsas olub.
Mühazirə iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.
Tədbirdə BDU-nun və universitetin Qazax filialının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tehsil-press.az





Oxşar xəbərlər