Tarix Muzeyində "Elmi macəralar saatı" adlı yeni layihənin icrasına başlanılıb

Tarix Muzeyində Milli Azərbaycan Tarixi Muzeyində "Elmi macəralar saatı" adlı yeni layihəyə start verilib.
Layihənin müəllifi və təşkilatçısı Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır. Layihənin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərmək, onları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.
Layihə çərçivəsində ilk görüş Qarabağın qədim dövr tarixinə, maddi və mədəni irsinə həsr edilib. Onlayn tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi 2020-ci ilin tariximizə Zəfər ili kimi daxil olduğunu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi iradə və şəhidlərimizin qanı bahasına, 30 ildən artıq düşmən tapdağı altında qalan Qarabağın azad olunduğunu qeyd edib. O vurğulayıb ki, Qarabağ bölgəsində zəngin mədəni və arxeoloji irs mövcuddur. Tarix Muzeyində Qarabağa aid çoxlu eksponatlar qorunur, onların bir hissəsi muzeyin ekspozisiyasında nümayiş olunur.
Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin təqdimatında "Qarabağın qədim dövr maddi və mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)" adlı slayd mühazirə nümayiş olunub. Mühazirədə Azərbaycanın Daş dövrü abidələrindən olan Azıx və Tağlar, erkən əkinçi-maldar tayfalara məxsus İsmayılbəytəpə abidələrində aparılmış tədqiqatlara nəzər salınıb. Həmin tapıntıların muzeyin müvafiq kolleksiyalarında qorunması, bərpası və sərgilənməsi məsələləri də ümumiləşdirilərək konkret şəkildə təqdim edilib.
Sonra Zəngilan rayonu 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova, Füzuli rayonu 1 saylı tam orta məktəbin tarix müəllimi Aytən Aliyeva, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbin tarix müəllimi Orxan Əhmədov tədbirdə çıxış edərək layihəyə görə təşəkkürlərini bildiriblər.
Görüşdə respublikanın müxtəlif rayonlarındakı məktəblərin tarix müəllimləri şagirdləri ilə birgə iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər