ATU-da professor Dəmir Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

ATU-da professor Dəmir Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib ATU-da professor Dəmir Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Əməkdar Elm xadimi, AMEA-nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov alimin həyatı haqqında ətraflı məlumat verdi: “Dəmir Hacıyev 1929-cu ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1964-cü ildən 1999-cu ilədək Azərbaycan Tibb Universiteti tibbi Biologiya və genetika kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi dövrlərdə kafedranın elmi-tədqiqat və tədris proqramlarında mühüm dəyişikliklər baş vermişdi. Belə ki, kafedranın əməkdaşları Dəmir müəllimin rəhbərliyi dövrdə Respublika Faunasının pareontoloji baxımdan tədqiqi ilə məşğul olublar. Bu da tədris və elmi tədqiqat işlərinə əhəmiyyətli təsir edib, nəticə etibarilə zooloji muzeyin yaranmasına gətirib çıxarıb. D. Hacıyev ömrünün yarısını kafedranın yenidən qurulmasına həsr edib. 1972-ci ildən Azərbaycan SSR EA-nın müxbir üzvü olmuşdur”.
ATU-nun Tibbi biologiya və genetika kafedrasının müdiri, dosent Vaqif Kərimov AMEA-nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
O, bildirib ki, Dəmir Hacıyevin elmi tədqiqatlarının istiqamətini paleontologiya, paleobiologiyа, paleoteratologiya və paleopatologiyanın bir çox istiqamətləri, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiya təşkil edib. Alim uzun müddət Avrasiyanın miosen faunasını (hipparion) tədqiq edib. Qədim məməlilərin yeni cins və növlərini təsvir etmiş, Azıx mağarasında çoxtəbəqəli qədim insan düşərgəsini öyrənib. 60-cı illərdə Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində, dünya miqyasına qaldırılmasında D.Hacıyevin böyük rolu olub. O, Azıx mağarasının 5-ci təbəqəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləyib. Alim həmin təbəqədə tapılan ibtidai insanın alt çənəsinin 20-22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirib. Tapıntı Azərbaycan Dövlət Tarix Muzeyinin Qızıl fondunda saxlanılır.
Azərbaycanın Əməkdar elm xadimi Dəmir Hacıyev 120-dən çox elmi işin, o cümlədən 12 monoqrafiya və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilib.
Daha sonra histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Ağız və üz-çənə cərrahiyəsi kafedrasının professoru Tamara Hüseynova, bəstəkar Ruhəngiz Qasımova, AMEA-nın arxeologiya və etnoqrafiya institutunun professoru Əsədulla Cəfərov mərhum haqqında xatirələrlə çıxış etdilər.
Mərhumun ailə üzvləri qızları – Nərgiz və Leyla Hacıyevaların çıxışından sonra AMEA-nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyev haqqında sənədli filmə baxıldı.
Konfrans öz işinə plenar iclaslarla davam edib.

ATU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər