Meyvə ağaclarına qulluq: Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin faydaları

Meyvə ağaclarına qulluq: Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin faydaları Azərbaycanda ilk dəfə olaraq AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı effektiv məhsulun kütləvi istehsalı həyata keçirilir.
Tam yerli xammal bazası əsasında hazırlanmış bu məhsul ölkə iqliminə və müasir tələblərə uyğunlaşdırılmaqla yanaşı, həm də ekoloji cəhətdən zərərsizdir.
Hər bir bitki növü, xüsusən də meyvə ağacları yaşadığı dövr ərzində müxtəlif zədələrə (təbiət hadisələri, insan amili, meyvə ağırlığından və s.) məruz qalır. Qırılma, çatlama və kəsik hissələrində ağac gövdəsinin bütövlüyünü təmin edən qoruyucu qabıq hissələri müxtəlif dərəcədə zədələnir ki, bu da öz növbəsində, bitkinin ümumi qidalanma zəncirinin pozulmasına gətirib çıxarır. Beləliklə, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır. Belə ki, Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi “Bağ məlhəmi” mart və noyabr aylarında həyata keçirilən budama işləri zamanı meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istifadə olunur. Preparat bağ şəraitində sınaqdan keçirilir, sınaqlar müsbət nəticə verdikdən sonra bütün parametrlər təyin olunur və analitik mərkəz tərəfindən məhsulun keyfiyyətinə nəzarət olunur. Həmçinin “Bağ məlhəmi” Azərbaycanın bir çox regionlarında budama işləri zamanı uğurla sınaqdan keçirilib.
Qeyd edilib ki, ölkəmizə bağlara qulluq zamanı ağacların kəsik yerlərinin xüsusi qoruyucu vasitələrlə işlənməsi məqsədilə xaricdən müxtəlif tərkibə malik vasitələr gətirilsə də, onların çoxu müasir tələblərə cavab vermir. “Bağ məlhəmi” isə həm qiymət, həm də keyfiyyət baxımından xarici analoqlarından daha sərfəlidir.

Tehsil-press.az


Oxşar xəbərlər