Pomidorun vaxtından tez qızarması üçün ona xüsusi dərman vurulur?

Pomidorun vaxtından tez qızarması üçün ona xüsusi dərman vurulur? Dünya üzrə kənd təsərrüfatı bitkilərinin örtülü və açıq sahələrdə becərilməsi zamanı çoxsaylı boy tənzimləyicilərindən istifadə edilir. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

C.Quliyev əlavə edib ki, Rusiya Federasiyasında 100-dən artıq, Azərbaycan Respublikasında isə 28 adda boy tənzimləyicisi rəsmi dövlət qeydiyyatına alınıb: “Bitkilərin boy tənzimləyiciləri kök atma qabiliyyətini artırır, şitillərin davamlılığını, bitkinin böyümə və inkişafını yaxşılaşdırır. Boy tənzimləyiciləri həm də toxumun cücərmə qabiliyyətini, bitkinin xəstəliyə davamlılığını və məhsuldarlığını artırır, eyniölçülü meyvələrin formalaşmasına səbəb olur, ətraf mühitin əlverişsiz şəraitindən bitkini qoruyur və meyvənin yetişməsini sürətləndirir. Pomidor bitkisi istər istixana, istərsə də tarla şəraitində özünə xas vegetasiya dövründə yetişir. Bitkinin becərilməsində aqrotexniki qaydalara uyğun olaraq gübrələrdən, boy tənzimləyici preparatlardan, zərərli orqanizmlərə qarşı istifadə olunan pestisidlərdən istifadə olunur. Məhsulun tərkibində preparatların qalıq miqdarı tam olaraq Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə təyin edilir".
Onun sözlərinə görə, meyvə-tərəvəz əkinciliyində bit dərmanı kimi tanınan DDT preparatından istifadə olunmur: “Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən DDT və onun metobolitlərinin qalıq miqdarının meyvə və tərəvəzlərdə təyin edilməsi məqsədilə müayinələr aparılıb və adıçəkilən dərmana və metobolitlərinə rast gəlinməyib. Bu dərman bitki ilə təmasda olduğu zaman heç bir istilik ayrılma prosesi gedə bilməz. Dərmanın ərimə tempuraturu 108.5 C-dir. Sözsüz ki, bu temperaturda pomidor artıq qaynama nöqtəsində olacaq. Zərərverici orqanizmlər əleyhinə tətbiq edilən preparatların və gübrələrin faiz və qalıq miqdarının təyini yalnız laboratoriya şəraitində Qaz xromotoqrafı, Maye xromotoqrafı, Kütlə spektri və Element təyini spektrometr cihazları vasitəsilə kəmiyyət və keyfiyyət analizlərinin aparılması yolu ilə mümkündür. Portativ və məişətdə istifadəsi nəzərdə tutulan cihazlar vasitəsilə məhsulun tərkibində aqrokimyəvi maddələrin qalıq miqdarı ilə bağlı dəqiq nəticə əldə etmək mümkün deyil. Məhsulda pestisidlərin qalığının isə bu tip cihazlarla yoxlanılmasından belə söhbət gedə bilməz”.
Xidmət rəisinin fikrincə, məhsul düzgün qaydada texniki reqlamentlərə uyğun olaraq becərildiyi zaman nitratların miqdarı dövri olaraq parçalanır və orqanizm üçün böyük təhlükə yaratmir: “Qalıq mıqdarı normativ texniki sənədin tələbinə görə, istixana şəraitində 300 mq/kq, açıq sahədə 150 mq/kq-dır. Sevindirici halldır ki, müayinələr zamanı əldə olunan nəticələr istixana şəraitində yetişən pomidorlarda nitratın qalıq miqdarının 50-100 mq/kq arasında dəyişdiyini göstərir. Pomidorların həndəsi ölçülərinə gəldikdə isə standartlara uyğun təşkil olunmuş istixanalarda məhsul ölçülərinə görə ayrı-ayrılıqda çeşidlənir və qablaşdırılır. Bu səbəbdən bəzi hallarda istehlakçılarda şübhə yaranır. Digər tərəfdən, hazırda respublika ərazisində sort xüsusiyyətlərinə görə meyvəsi 50-180 qr olan pomidor sortları becərilir. Pomidorların böyük və ya kiçik olması, bu sortun genetik xüsusiyyətləri ilə bağlıdır”.
Pomidoru kəsən zaman içinin yaşıl və dənəsinin göy olması faktına toxunan Dövlət Xidməti rəisi vurğulayıb ki, bu fakt istehsalçılar tərəfindən pomidorun tez xarab olması nəzərə alınaraq, bioloji yetişkənliyə çatmadan yığılmasının nəticəsidir: “Belə pomidorların insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. Sadəcə, vətəndaşlara belə məhsulu aldıqdan sonra bir neçə gün ev şəraitində saxlamaları məsləhət görülür. İstehlakçılar bundan sonra pomidorların bioloji yetişkənliyə çatmasının şahidi olacaqlar. “Vaxtından əvvəl süni şəkildə yetişdirilmiş məhsulların qəbulu yolverilməzdir” - fikrinə gəldikdə isə, hazırda müasir texnologiyalar tətbiq edilən istixanalarda məhsulun keyfiyyət göstəriciləri açıq sahədə becərilən məhsulların keyfiyyətindən heç də geri qalmır”.
C.Quliyev vurğulayıb ki, kal pomidorlara vaxtından əvvəl qızarmaları üçün iynə ilə hər hansı yad maddənin vurulması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: “Azərbaycanda 3000 hektardan artıq istixanada kənd təsərrüfatı bitkiləri, əsasən də pomidor və xiyar becərilir. Son illə istifadəyə verilmiş istixanalarda ən müasir becərmə texnologiyalarından istifadə edilir. Əkinə avqust ayında başlanılır, lakin istehsalçılar istixanaların şəraitinə uyğun olaraq, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar aylarında, zəif işlədilən istixanalarda hətta fevral ayında əkin həyata keçirilir. Avqust ayının əvvəlində əkilən pomidorlar əsasən oktyabrın sonunda məhsula düşür. Sentyabrın əvvəlində əkilən isə noyabrın sonunda məhsula düşür və təxminən 3 aydan sonra ilk məhsul yığılır. Eyni zamanda, Dövlət Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzi tərəfindən idxal, ixrac və yerli istehsal məhsullarında mütamadi olaraq molekulyar diaqnostik mayinələr aparılır. Aparılan müayinələr zamanı heç bir ciddi problemlərə rast gəlinməyib. Bildiyimiz kimi, bu il Rusiya Federasiyasının Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları iki dəfə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində olublar. Onlar istixanalarda becərmə texnologiyaları, sertifikatlaşdırma sistemi və Dövlət Xidmətinin laboratoriyaları ilə yaxından tanış olublar. Bu məsələ ilə, əsasən də laboratoriyalarla bağlı öz müsbət təəssüratlarını “Rosselxoznadzor”un rəsmi saytında bölüşüblər”.


Tehsil-press.az

Oxşar xəbərlər