
34 gün ərzində Azərbaycanda canlı yayımlar edən Fulya çəkiliş zamanı yaşadıqlarından bəhs edib.
Gəncə terrorunu xatırlayan F.Öztürk deyib:
“Dəfələrlə qətliamlara şahidlik etdik. Gəncəyə raket atdıqları gün redaktoruma zəng edib “Raket atdılar, raket, raket, raket” deyə bağırdığımı xatırlayıram. Hər tərəf qapqara toz dumanına bürünmüşdü. 1 dəqiqəlik fasilə vermək istədiyim anda dağıntılar altından bir uşağı çıxardılar. Operatorumuz Xəlilə “Uşaq, uşaq. Əli əlimə dəydi” deyə qışqırmağa başladım. Canlı yayıma girərkən, şüursuz şəkildə “əli əlimə dəydi” dedim. 5-6 saat fasiləsiz canlı yayım etdik. Otelə gəldik, düz iki saat tərpənmədən gözüaçıq oturdum”.
Fulya Öztürk Bərdəyə raket zərbəsindən sonra gördüklərindən dərin sarsıntı keçirdiyini bildirib:
“Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıldı. 10 dəqiqəyə hadisə yerindəydim. Yanan maşınlar, yanmış insanlar, ağır qan qoxusu. Bir ata-qız bir-birinə sarılaraq can vermişdi. Çəkiliş zamanı deyirəm açma üzlərini. Amma açırlar. İnsanlar o qədər fəryad edirlər ki... Yəni, bax, gör qətliamı, dünyaya göstər. Bərdədə çəkilişdən sonra mikrofonu maşına atıb hönkür-hönkür ağladım”.
Türkiyəli jurnalist zəfər günü yaşadıqlarını isə belə xatırlayıb:
“Zəfər günü yenə oteldəyəm. Bu dəfə redaktorum özü zəng etdi ki, Paşinyanın açıqlamalarını gördün? Otel başmaqları ilə küçəyə çıxdım. İlham Əliyev açıqlamalar verməyə başlamışdı. Bir-iki saat sonra arxaya çevriləndə insanlar axın-axın küçələrdə idi. Bir gənc yaxınlaşıb “Qazandıq, Fulya xanım, qazandıq” deyərək qaça-qaça gəlirdi”.
Tehsil-press.az