BDU-nun Elmi Kitabxanası onlayn təqdimat keçirib

BDU-nun Elmi Kitabxanası onlayn təqdimat keçirib Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) professor-müəllim heyəti və tələbələri üçün “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda onlayn təqdimat keçirib.
"EİFL.net" üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova və açıq resurslar və lisenziyalaşdırma üzrə əlaqələndirici İltifat İbrahimovun moderatorluğu ilə keçirilən təqdimatda elmi araşdırmalar zamanı elektron resurslardan, tammətnli məqalələrdən istifadə etmək imkanları, beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün jurnal seçimi istiqamətində tədqiqatçıları məlumatlandırmaq və istiqamətləndirmək kimi məsələlərdən bəhs olunub.
Tədbirdə ADU-nun elmi işlər üzrə prorektoru Novruz Məmmədov elmi fəaliyyətin təşkilində məlumat bazalarından istifadənin vacibliyindən danışıb. O, konsorsium çərçivəsində yalnız EBSCO ilə deyil, digər beynəlxalq nəşriyyatlarla da əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova isə rəqəmsal kitabxana-informasiya mühitinin yaradılmasında beynəlxalq nəşriyyatların resurslarından, EBSCOhost platformasının məhsullarından istifadənin üstünlüklərini vurğulayıb.
Sonda hər iki universitet kitabxanası rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə beynəlxalq nəşriyyatlarla əməkdaşlıq etmək və açıq resurslara girişi təmin etmək məsələləri müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər