BDU və ADA Universitetinin əməkdaşları rəqəmsal kitabxanaya dair müzakirə aparıblar

BDU və ADA Universitetinin əməkdaşları rəqəmsal kitabxanaya dair müzakirə aparıblar Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı və ADA Universiteti Kitabxanasının iştirakı ilə "Dspace - rəqəmsal kitabxana və elektron sənəd arxivi" mövzusunda onlayn tədbir keçirilib.
"Microsoft Teams" platforması üzərindən keçirilən tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov ali məktəbdə elmi fəaliyyətin təşkilində və təhlilində rəqəmsal informasiya sisteminin yaradılmasının vacibliyindən danışıb. O qeyd edib ki, bu məsələ Bakı Dövlət Universitetinin diqqət mərkəzindədir.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova universitetdə rəqəmsal kitabxana və elektron sənəd arxivlərinin yaradılmasında, rəqəmsal kontentin uzunmüddətli qorunub saxlanılmasında və əlçatanlığının təmin edilməsində mövcud olan proqram məhsulları ilə müqayisədə "Dspace"in daha geniş tətbiq olunduğunu vurğulayıb.
ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov ölkəmizdə “Dspace” proqram təminatını tətbiq edən təhsil müəssisələrinin və xüsusilə də təmsil olunduğu universitetin bu sahədəki təcrübəsini bölüşüb. ADA Universitetinin əməkdaşı İltifat İbrahimov sistemin texniki imkanları haqqında geniş məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, İT mərkəzinin əməkdaşları texniki məsələləri müzakirə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər