ADPU-da yay imtahan sessiyası öncəsi tələbələrin 60%-i ilə onlayn görüşlər keçirilib

ADPU-da yay imtahan sessiyası öncəsi tələbələrin 60%-i ilə onlayn görüşlər keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə mayın 20-dən etibarən başlanan və 5 gün ardıcıl davam edən yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüşlər yekunlaşıb. “Microsoft Teams” platforması üzərindən təşkil edilən silsilə görüşlərdə universitetin bütün fakültələrinin tələbələri könüllülük əsasında iştirak ediblər. Hazırlanmış qrafik üzrə beş gün ərzində ADPU rəhbərliyi universitetin 8 fakültəsi və SABAH Mərkəzinin ümumilikdə 6000-dək tələbəsi ilə görüş keçirib. Bu isə universitetin bakalavriat tələbələrinin 60%-i deməkdir. Bu tələbələri əhatə etmək baxımından onlayn formada universitetlərdə keçirilən ən əhatəli görüşlərdəndir.
Görüşlərin keçirilməsində əsas məqsəd cari semestrdə ADPU-da tətbiq edilən onlayn-şifahi imtahan forması ilə bağlı tələbələrə daha detallı izahat vermək, onların problemlərini dinləmək və suallarını cavablandırmaq, imtahan sessiyasına hazırlıq, İKT ilə bağlı texniki məsələlər və cari tədris semestrinin yekunlaşdırılması, yekun dövlət attestasiyası, buraxılış işləri, o cümlədən sosial həssas qrupa aid tələbələrin təhsil haqlarının ödənilməsi və s. məsələlərin aydınlaşdırılmasıdır.
ADPU-nun mətbuat katibi Cavid Hüseynovun moderatorluğu ilə hər bir fakültənin dekanı və professor-müəllim heyətinin də iştirakı ilə ayrı-ayrılıqda keçirilən və ortalama hər biri 2 saat müddətində davam edən görüşlərdə universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov imtahanların təşkili qaydaları ilə bağlı ətraflı çıxış edərək ADPU-da cari semestrdə tətbiq edilən onlayn- şifahi imtahan modelinin özəlliklərindən söz açıb, bu modelin mövcud pandemiya şəraiti və tələbələrin keyfiyyətli təhsil almaq, şəffaf qiymətləndirmə imkanlarını reallaşdırmaq baxımından hazırda ən uyğun variantlardan biri olduğunu bildirib.
Bundan başqa sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tədris departamentinin direktoru, dosent Sənan Əliyev, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli və müvafiq fakültə dekanları da tələbələrə öz tövsiyələrini vermiş, qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulamışlar.
Tələbələrin sualları ətrafında davam edən görüşlər onlayn-şifahi imtahanlara hazırlıq baxımından olduqca əhəmiyyətli olub.
Qeyd edək ki, həm də ayrıca bütün fakültələrin professor-müəllim heyəti və rəhbərliyi ilə, o cümlədən ADPU-nun Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabad filiallarının əməkdaş və tələbələri ilə də belə görüşlərin keçirilməsinə başlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər