Pedaqoji Universitetdə qış imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib

Pedaqoji Universitetdə qış imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclası keçirilib.
Universitetin rektoru, elmi şuranın sədri, professor Cəfər Cəfərov iclasın gündəliyi barədə məlumat verib. O 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mütəşəkkil, şəffaf və obyektiv keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Sonra Tədris departamentinin direktoru, dosent Sənan Əliyev “2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə ilə çıxış edib. O, semestr üzrə həyata keçirilən “Oriyentasiya günü”, “Açıq qapı” günü, mühüm tədbirlər, görüşlər, layihələr, müxtəlif tədris mərkəzləri, orta ümumtəhsil məktəbləri və digər tədris müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və olimpiadaların, ekskursiyaların təşkili barədə məlumat verib.
Daha sonra “ADPU-nun Şəki filialının fəaliyyəti haqqında” filialın direktoru, dosent Rafiq Rəsulov məruzə ilə çıxış edib. İclasda, həmçinin ADPU-nun Şəki filialında aparılan monitorinqin nəticələri barədə dosent Zahir Kazımov məlumat verib. Məlumatda filialın idarəetmə, tədris və elmi-tədqiqat fəaliyyəti təhlil edilib, mövcud çatızmazlıqların aradan qaldırılması və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün təkliflər öz əksini tapıb.
Tədris departamentinin direktoru Sənan Əliyev ADPU-nun filiallarının fakültə və kafedralarının strukturu və akkreditasiyası ilə bağlı özünütəhlil hesabatının təsdiqi, Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov kafedraların bakalavr təhsil səviyyəsi üzrə fənlərin bir-birindən asılılıqlarının aradan qaldırılması, Elmi katib, dosent İradə Qasımova isə kafedralar üzrə professor vəzifəsinə seçki barədə məlumat veriblər.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər