Azərbaycan alimləri Avropa Komissiyasının toplantısında

Azərbaycan alimləri Avropa Komissiyasının toplantısında Avropa Komissiyasının Şərq Tərəfdaşlığı panelinin Tədqiqat və İnnovasiya üzrə İşçi Qrupunun növbəti qeyri-formal toplantısı keçirilib.
Toplantının məqsədi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin tədqiqatçıları, elmi müəssisələri və dövlət qurumlarının nümayəndələri ilə Tədqiqat və İnnovasiya (Tİ) ekosisteminin inkişafı yollarının müzakirəsi olub.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Səhiyyə Nazirliyinin aparat rəhbəri, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalov, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova, Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyinin Akkreditasiya və Lisenziya şöbəsinin müdiri, Avropa Tədqiqatları Mərkəzi və COST üzrə milli əlaqələndirici İlham Hümbətov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Mariya Skladovskaya Küri proqramı üzrə milli əlaqələndirici, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov təmsil ediblər.
Toplantıda ŞT ölkələrinin nümayəndələri Tədqiqat və İnnovasiya sahəsində mövcud problemlər haqqında söz açıb və onların aradan qaldırılması üzrə təkliflərini təqdim ediblər.
E.Əlirzayeva son illərdə Azərbaycanda tədqiqat və innovasiya ekosisteminin inkişafı, təhsil-elm-istehsalat üçbucağının gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və uğurlu islahatlar haqqında məlumat verib.
Qeyd edib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və doktoranturaya qəbul zamanı ingilis dili biliklərinin tələb kimi qoyulması Azərbaycanda Tədqiqat və İnnovasiya sahəsində kadr potensialının gücləndirilməsi beynəlxalq aləmə inteqrasiyasına əhəmiyyətli töhfə verir. E.Əlirzayeva beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində AMEA tərəfindən müxtəlif ölkələrin qabaqcıl təşkilatları ilə birlikdə həyata keçirilən ikitərəfli layihə müsabiqələrinin, gənc kadrların hazırlanması üzrə əməkdaşlığın və doktorantura səviyyəsində ikili diplom proqramının, AMEA-nın elmi müəssisələrində multidissiplinar xarakterli laboratoriyaların təşkilinin, həmçinin Yüksək Texnologiyalar Parkının texnologiyaların transferi üzrə beynəlxalq layihələrə cəlb edilməsinin xüsusi yeri olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Alim çıxışının sonunda azərbaycanlı iştirakçılar adından Tədqiqat və İnnovasiya ekosistemində daha böyük uğurların əldə edilməsi üçün təkliflər səsləndirib. Qeyd edilib ki, yerli elmi konsorsiumların və mükəmməllik mərkəzlərinin yaradılması, innovativ nəticəli elmi mövzuların seçilməsi məqsədilə dövlət və özəl sektorla əlaqələrin gücləndirilməsi, gənc mütəxəssislərin beynəlxalq əlaqələrə daha çox cəlb edilməsi, laboratoriyalar və unikal elmi avadanlıqlardan müştərək istifadənin təşviq edilməsi, hazırda prioritet sahə olan biotibb istiqamətində tədqiqatların genişləndirilməsi məqsədilə tibbi müəssisələrdə elmi araşdırmaların metodologiyası üzrə təlimlərin keçirilməsi, Avropa Birliyi və tərəfdaş ölkələr üçün fundamental mövzular, istiqamətlərin siyahısının hazırlanması, bu istiqamətdə tədqiqatlara diqqətin artırılması əhəmiyyətli nəticələr verə bilər.
Tədbirdə, həmçinin Avropa Komissiyasının ekspertləri tərəfindən 2021-2027-ci illər üzrə Horizon Avropa proqramı çərçivəsində Genişləndirmə Fəaliyyəti və Avropa Tədqiqat Sahəsinin gücləndirilməsi, Mariya Skladovskaya Küri proqramı haqqında məlumat təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər