“Horizon 2020” proqramı üzrə növbəti maarifləndirici seminar keçirilib

“Horizon 2020” proqramı üzrə növbəti maarifləndirici seminar keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə növbəti maarifləndirici seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan idarənin rəisi, dosent Esmira Əlirzayeva 2014-2019-cu illər ərzində Azərbaycan alimlərinin bu proqramdan istifadəsi, problemlər və perspektivlər haqqında məlumat verib. O, alimləri proqramın geniş imkanlarından yararlanmağa, beynəlxalq əməkdaşlığı genişləndirməyə və xarici həmkarları ilə elmi şəbəkələrə qoşulmağa dəvət edib.
“Horizon 2020” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri layihənin müxtəlif istiqamətləri üzrə cari imkan və çağırışlar haqqında seminar iştirakçılarını məlumatlandırıblar.
Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici İlham Hümbətov “COST Action” çərçivəsində yeni layihələr və onlara qoşulmaq imkanlarını təqdim edib.
Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz tədqiqatları, bioiqtisadiyyat və biotexnologiya üzrə milli əlaqələndirici Nabil Seyidov isə İtaliyadan olan həmkarları ilə birlikdə həyata keçirdiyi uğurlu “COST” layihəsi, layihə çərçivəsində reallaşdırılan tədbirlər və alınan nəticələr, “COST”a müraciət yolları, nəzərdə tutulan yeni layihə təklifləri barədə ətraflı məlumat verib.
Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndirici Tofiq Babayev cari “Face-to-Face” görüşləri və elmi əməkdaşlığın qurulmasında onların əhəmiyyətini diqqətə çatdırıb, dinləyiciləri bu imkanlardan istifadəyə təşviq edib.
Maliyyə aspektləri üzrə milli əlaqələndirici Rüfət Əfəndiyev Rumıniyanın Buxarest şəhərində “İnnovativ müəssisə həftəsi” çərçivəsində keçirilən tədbirlər, iqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndirici Rövşən Kərimov isə Lüksemburqda təşkil edilən “Masterclass Training” və Tvinninq layihəsi üzrə toplantıda Avropa İttifaqına üzv və Şərq Tərəfdaşlığı ölkələrinin uğurlu təcrübəsi və yeni imkanlarından söz açıblar.
“Horizon 2020” proqramına təqdim edilən layihələrin qiymətləndirilməsində rəyçi kimi iştirak etmiş Fizika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Elçin Cəfərov layihələrə olan tələblər və onlara ekspert yanaşması haqqında məlumat verib. Bildirib ki, bu proqrama təqdim edilən bütün layihələr diqqətdə saxlanılır, uğurlu olmayanlar ekspert rəyi əsasında təkmilləşdirilərək yenidən göndəriləndə bir daha qiymətləndirilir.
Sonda təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər