Erməni miflərini dağıdan kitab

Erməni miflərini dağıdan kitab Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” adlı yeni kitabı nəşr olunub.
Azərbaycan, ingilis və rus dillərində olan bu kitabda tarixi faktlara istinad edilərək erməni mifləri dağıdılıb və əsl həqiqətlər üzə çıxarılıb.
Əsərdə qeyd olunur ki, süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar erməni xalqının şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququn müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilib. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.
Müəlifin fikrincə, ölkəmizin möhtəşəm tarixi zəfərinin nəticələrindən biri də belə uydurmaların dağıdılmasına əsasdır. Bunlara bariz nümunə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir.
İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq. Tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə Alban xristian abidələrinin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin “sübutlarına” çevrilməli olan yeni yazıların həkk edilməsindədir.
Qeyd edək ki, bu kitab K.İmanovun 2021-ci il 26 aprel tarixində 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Əqli Mülkiyyət Agentliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinarda etdiyi giriş sözü və eyniadlı məruzəsi əsasında hazırlanıb.
Kitabın elektron variantını aşağıdakı link vasitəsilə əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər