Mingəçevir Dövlət Universiteti “Atəşgah” Sığorta şirkəti ilə əməkdaşlığa başlayıb

Mingəçevir Dövlət Universiteti “Atəşgah” Sığorta şirkəti ilə əməkdaşlığa başlayıb Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Atəşgah” Sığorta şirkətinin 1 saylı regional şöbəsinin müdiri Afat Hüseynov ilə görüşüb. Görüşdə şirkətin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov da iştirak ediblər.
Qonaqları salamlayan MDU-nun rektoru Ş.Bayramov ölkədə sığorta sahəsində uğurlu fəaliyyət göstərən “Atəşgah” Sığorta şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib və rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə işbirliyinə maraq göstərdikləri üçün təşəkkürünü bildirib.
Yeni dövrün universitetinə çevrilmə yolunda MDU-nun strateji hədəflərindən bəhs edən rektor əmək bazarının müasir tələblərinə cavab verən kadrların yetişdirilməsində təhsil-sənaye əməkdaşlığının üstünlüklərindən danışıb, müvafiq ixtisaslar üzrə tədrisin məzmununun yenilənməsi və tədqiqatların səmərəliliyinin artırılması məqsədilə sığorta şirkəti ilə birgə fəaliyyətin zəruriliyini və önəmini diqqətə çatdırıb.
Dəvətə və səmimi görüşə görə təşəkkürünü bildirən şirkətin regional şöbəsinin müdiri A.Hüseynov modernləşmə yolunda inamla irəliləyən MDU ilə əməkdaşlığın əsasının qoyulmasından məmnunluğunu ifadə edib.
Şirkət təmsilçiləri MDU-da təhsilalanların sığorta işi sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də bu istiqamətdə tədris proqramlarının təkmilləşdirilməsinə və tədqiqatların tətbiqiliyinə hədəflənən müxtəlif formatlı birgə tədbirlərin, o cümlədən təlim və təcrübə proqramlarının, nəzəri-praktiki seminarların həyata keçirilməsində əməkdaşlığa hər zaman açıq olduqlarını diqqətə çatdırıblar.
Sonra əməkdaşlığın qarşılıqlı maraq doğuran potensial istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Tehsil-press.az



Oxşar xəbərlər