Bakı Dövlət Universiteti “PAŞA Həyat Sığorta” şirkəti ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti “PAŞA Həyat Sığorta” şirkəti ilə əməkdaşlıq edəcək Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Həyat Sığorta”nın insan resursları şöbələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə tələbə və məzunların karyera planlamasının əsas xüsusiyyətləri, tələbələr üçün təcrübə proqramları, universitetin “PAŞA Həyat Sığorta” şirkəti ilə işgüzar münasibətlərinin perspektivlərindən bəhs edilib.
“PAŞA Həyat Sığorta”nın insan resursları departamentinin əməkdaşları BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi, tələbələr üçün şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının, qurama müsahibələrin (mock interview) keçirilməsi və tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsi məsələlərindən danışıblar.
Həmçinin şirkət əməkdaşlarının BDU-da qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi, şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. BDU tələbələrinin şirkətin təşkilatçılığı ilə “PAŞA Həyat Sığorta”nın baş ofisinə və ya filiallarına ekskursiyaların, tələbələr üçün müxtəlif müsabiqələrin təşkil edilməsi və s. həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər