“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə tələbələrin bilik yarışına hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.
Diqqətə çatdırılıb ki, 2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır. Builki yarış, eyni zamanda, Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.
Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, noyabrın 6-da bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən təlimin məqsədi Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi olub.
Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə keçən yarışda iştirakçı komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.
Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.
Yarışın qalibi olan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandasının üzvü təəssüratını bölüşərək deyib: “Bilik yarışına hazırlaşmağımızda bizə şərait yaradan Akademiyanın rəhbərliyinə və müəllim heyətinə təşəkkürümüzü bildiririk. Yarış çətin olsa da, çox yaxşı hazırlaşdığımız üçün suallara cavab verə bildik və qalib olduq”.
Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin çox qürurverici olduğunu söyləyən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının üzvü Elşad Babayev gərgin mübarizə şəraitində keçən yarışmada uğur əldə etdiklərinə və ikinci yerə layiq görüldüklərinə görə çox sevindiyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər