Bakı Ali Neft Məktəbinin 10 illiyi münasibətilə tələbələrin Spartakiadasına başlanılıb

Bakı Ali Neft Məktəbinin 10 illiyi münasibətilə tələbələrin Spartakiadasına başlanılıb Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyi münasibətilə II, III, IV və V kurs tələbələri arasında Spartakiadanın açılışı olub.
Professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin uğurla fəaliyyət göstərdiyini, ən bilikli və bacarıqlı gənclərin bu təhsil müəssisəsini seçdiklərini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, ali məktəbin tələbələri yüksəkixtisaslı mühəndis kimi yetişərək ölkə iqtisadiyyatına, sənayesinə töhfələr verirlər. “Bu gün böyük fəxrlə deyə bilərəm ki, Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu ali məktəbinə çevrilə bilib”, – deyə E. Qasımov bildirib.
Rektor BANM-də idmanın inkişafına böyük əhəmiyyət verildiyini qeyd edərək bildirib ki, 2014-cü ildən bu ali məktəbdə idman klubları fəaliyyət göstərməyə başlayıb. Sevindirici haldır ki, yarandığı gündən böyük maraqla qarşılanaraq tələbələrin ən sevimli klubları arasında yer alıb. E.Qasımov bu gün başlayan və bir neçə ay davam edəcək Spartakiadada komandalar arasında maraqlı mübarizə aparılacağına inandığını söyləyib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idmanın inkişafından, bu sahəyə dövlətin qayğısından bəhs edərək, gənclərin idmana marağının artırılmasının vacibliyini vurğulayıb. Nazir müavini Bakı Ali Neft Məktəbinin təhsildə olduğu kimi idman sahəsində də nümunəvi ali təhsil müəssisəsi olduğunu qeyd edib. O, BANM-də idmanın inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev Azərbaycanda təhsilin inkişafı, dövlət başçısının bu sahəyə diqqət və qayğısından danışıb. O, Bakı Ali Neft Məktəbinin təhsil səviyyəsi, maddi-texniki bazası baxımından ölkədə təhsilin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.
Spartakiadada idmanın basketbol, voleybol, şahmat, stolüstü tennis, minifutbol və üzgüçülük növləri üzrə yarışlar keçiriləcək. Voleybol yarışlarında 17 komanda (qızlar arasında 5 komanda, oğlanlar arasında 12 komanda), futzal yarışlarında 17 komanda, basketbol yarışlarında 10 komanda iştirak edir. Bundan başqa, fərdi idman növlərindən şahmatda 60 nəfər, stolüstü tennisdə 65, üzgüçülükdə 30 tələbə yarışacaq.

Tehsil-press.az



Oxşar xəbərlər