BDU-da elmi seminar: Aşıq yaradıcılığı və Aşıq Ələsgər

BDU-da elmi seminar: Aşıq yaradıcılığı və Aşıq Ələsgər Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilmiş “Aşıq yaradıcılığı və Aşıq Ələsgər” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova görkəmli söz ustadı Aşıq Ələsgərin yaradıcılığından və aşığın irsinə dövlət qayğısından danışıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev söz ustadı Aşıq Ələsgər yaradıcılığına daim diqqət göstərib. Aşığın əsərləri dəfələrlə nəşr olunub.
Professor Səhər Orucova Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamının əhəmiyyətini vurğulayıb.
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Aşıq Ələsgər yaradıcılığının mövzu və janr zənginliyindən bəhs edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi aşıq Altay Məmmədov sazda Aşıq Ələsgərin ustadnamələrini və qoşmalarını ifa edib.
BDU-nun “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyevanın “Aşıq Ələsgər yaradıcılığında məhəbbət lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
Sonra magistrant Gülyaz Hümmətzadə “Aşıq Ələsgər rəvayətlərdə”, Filologiya fakültəsinin tələbəsi Səbinə Xəlilova “Aşıq Ələsgər yaradıcılığında insan gözəlliyinin tərənnümü” mövzularında məruzə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər