“Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda respublika konfransı təşkil edilib

“Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda respublika konfransı təşkil edilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ustad Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilmiş respublika elmi-nəzəri konfransı keçirilib.
“Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda konfransı ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq universitetin hər zaman ustad sənətkarlara böyük qayğı və diqqətlə yanaşdığını, dövlət əhəmiyyətli tədbir və layihələrə lazımi reaksiya verərək müxtəlif tədbirlər keçirdiyini söyləyib. Böyük el sənətkarı, ustad Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə ADMİU-da bir sıra tədbirlərin, aşıqların respublika müsabiqəsinin keçirildiyini nəzərə çatdıran rektor elmi-nəzəri konfransın da bu silsilədən olduğunu bildirib.
AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov Aşıq Ələsgərin yaradıcılığını, poeziyasını nümunələr əsasında geniş şəkildə şərh edib. Akademik el sənətkarının irfani fikirlərinə xüsusi toxunaraq onun heç təriqətin nümayəndəsi olmadığı halda sufi şairlərdən, xüsusən Nəsimidən bəhrələndiyini vurğulayıb.
Aşıq Ələsgəri böyük saz şairi adlandıran Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı onun yaradıcılığındakı sənətkarlıq xüsusiyyətlərindən söz açıb, aşığın gözəllərin vəsfinə yazdığı şeirləri ilə bərabər, fəlsəfi poetik nümunələri olduğunu bildirib. Qeyd edib ki, ustad sənətkarın yaradıcılığında bədii simvolikadan tutmuş poetik təsvirə qədər hər şey var.
ADMİU-nun Aşıq sənəti kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədov Aşıq Ələsgər yaradıcılığından ustadnamə deyib, saz havası ifa edib.
Universitetin kafedra müdiri professor Fəridə Səfiyeva Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verərək, Azərbaycanın bir çox təhsil ocaqlarından, ali məktəblərindən konfransa bir-birindən maraqlı məqalələrin daxil olduğunu bildirib. O, tədqiqatçıların Aşıq Ələsgər yaradıcılığına olan bu cür diqqətini Azərbaycanın qədim el sənəti olan aşıq sənətinə, saza, sözə sevginin nümunəsi kimi qiymətləndirib.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İki bölmə üzrə keçirilən iclasda müxtəlif universitetlərdən konfransa qatılmış tədqiqatçıların Aşıq Ələsgər yaradıcılığı haqqında məruzələri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər