
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətindən bəhs edib. O, bu mənfur siyasətin davamı olaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımı aktının insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğunu vurğulayıb.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əməkdaşı Cəbrayıl Fərzəliyev təqdimatla çıxış edərək Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutduğunu diqqətə çatdırıb. O, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü tədbirlər haqqında məlumat verib.
Faciənin şahidi Valeh Hüseynov Xocalı qətliamının dəhşətləri ilə bağlı təəssüratlarını bölüşüb. O, gələcəkdə belə faciələrin törədilməməsi üçün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının zəruriliyini vurğulayıb.
Tehsil-press.az