"Xocalı dərsi" sənədli filminin təqdimatı olub

Bu gün Bakıda "ARB Aran" və "Qulp Studio" tərəfindən çəkilən "Xocalı dərsi" sənədli filminin təqlimatı olub.
Azərbaycan Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn filmin təqdimat mərasimində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Milli Məclisin deputatları, KİV rəhbərləri, Xocalı sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığını göstərir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.
Daha sonra çıxış edən Ə.Mehdiyev bildirib ki, erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri bu əməllərin ifşa olunması üçün çox işlər görlür və görülməlidir: “Bunun üçün Azərbaycan Prezidenti də bu ilin yanvarında müvafiq fərman imzalayıb. Bu istiqamətdə KİV-lərin və QHT-lərin fəaliyyətləri də öz töhfəsini verir”.
PA rəsmisi qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası Xocalı soyqırımının tanınmasına mühüm töhfə verir: “İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20 ştatı və bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb".
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə "Xocalı soyqırım, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.
Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışıb, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini bildirib. Xocalıdan olan ailənin sağ qalan üzvlərini erməni qəsbkarları əsir götürür, bir müddətdən sonra Azərbaycan tərəfinin apardığı danışıqlar nəticəsində onlar azad edilirlər.
Sənədli filmdə Ə.Həsənovun Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı fikirləri yer alıb. Bu soyqırıma görə erməni faşistlərinin cəzalandırılmasının zəruriliyini qeyd edən Ə.Həsənov bildirib ki, Xocalı soyqırımı və Azərbaycan xalqına qarşı törədilmiş heç də bundan geri qalmayan soyqırımlar ermənilərin üzərində olan bir çirkabdır və onlar heç zaman bundan təmizlənə bilməyəcək.
PA rəsmisi bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana ciddi təzyiq göstərmirlər. O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası yüksək qiymətləndirilir.

Kəmalə Rəhimli

Oxşar xəbərlər