“Elimizə bahar gəlir!”

“Elimizə bahar gəlir!” Bakı şəhəri Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladlarına mənəvi dəstək olmaq məqsədi ilə “Elimizə bahar gəlir!” adlı tədbir keçirilib.
Öncə məktəbin foyesində Novruz bayramına aid stendlər nümayiş olunub, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruzun rəmzi olan şirniyyatlar təqdim edilib. Şagirdlər idmanın güləş növü üzrə öz məharətlərini nümayiş etdiriblər.
Sonra çıxış edən məktəbin direktoru Elza Bağırzadə şəhid övladlarını və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi, qüdrətli sərkərdə məharəti, qətiyyətli iradəsi və milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı, hünəri sayəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin, zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı xüsusi vurğulanıb. Qeyd edilib ki, hər birimiz şəhidlərə, qazilərə borcluyuq.
Əminliklə bildirilib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bütöv və qüdrətli Azərbaycanımızın qələbələri davamlı və əbədi olacaq.
Bayram tədbirində təhsil işçiləri, məktəb direktorları, şəhidlərin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda Şanlı Zəfərin xalqımıza yaşatdığı qürur və sevinc hisslərindən söz açılıb, şəhid və qazilərimizin qəhrəmanlığının gələcək nəsillərin yaddaşında əbədi yaşayacağı xüsusi vurğulanıb.
Sonra şagirdlər müxtəlif səhnəciklər nümayiş etdirib, Novruz bayramının personajları- Keçəl, Kosa tədbirə xüsusi rəng qatıblar.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Turan ETİBAROĞLU

Oxşar xəbərlər