Bakı Slavyan Universitetində Novruz şənliyi

Bakı Slavyan Universitetində Novruz şənliyi Bakı Slavyan Universitetində (BSU) “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib.
Rektor siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Novruz bayramı münasibətilə universitetin kollektivini təbrik edib. Rektor bildirib ki, xalqımızın əsrlər boyu qoruyaraq nəsillərdən-nəsillərə ötürdüyü dərin mədəni və tarixi ənənələrini özündə əks etdirən Novruz bayramı dostluq, inkişaf, həmrəylik, birlik kimi dəyərləri özündə ehtiva edir. Novruz bayramını Azərbaycan xalqının “Qəlbinin, ruhunun bayramı” adlandıran ulu öndər Heydər Əliyev bu bayramın dövlət səviyyəsində qorunmasını və inkişafını təmin edib.
“Bir çox Şərq ölkələrinin ümumi dəyəri olan Novruz bayramı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın davamlı fəaliyyətinin nəticəsi olaraq 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Biz xoşbəxt nəsilik ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq ikinci Novruzu Qarabağda, Şuşada qeyd edirik. Hər yeni gün qarşımızda yeni məramlar və məqsədlər müəyyən edir. BSU olaraq qarşımızda yüksəkkeyfiyyətli təhsil proqramlarının yaradılması, cəmiyyət, elm və iqtisadiyyatın inkişafına davamlı töhfələr verəcək elmi-tədqiqatlar aparılması kimi məsələlər durur. Azərbaycançılıq məfkurəsinə, Vətən sevgisinə və yüksək biliyə sahib mütəxəssis hazırlığı bütün dövrlərdə qarşımızda duran əsas missiyamız olaraq qalır”, - deyə rektor bildirib.
Sonra tədbir bədii-musiqili hissə ilə davam edib. Novruzun personajları Kosa və Keçəlin çıxışları, BSU-nun “Arzu” rəqs ansamblının milli rəqsləri, vokal qrupunun “Novruz” mahnısı, universitetin tələbə və məzunlarının ifa etdikləri “Bir sevgi”, “Əğyar”, “Üçrəngli Zəfər”, “Bakı” mahnıları və Məktəb-Lisey Kompleksi şagirdlərinin hazırladıqları “Bahar” kompozisiyası tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbir “Azərbaycan” mahnısının sədası altında “Yallı” rəqsi, fakültələrin hazırladığı bayram xonçaları ilə tanışlıq və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər