Kiyevdə Novruz bayramı qeyd olunub

Kiyevdə Novruz bayramı qeyd olunub Kiyev şəhərindəki Səməd Vurğun adına Kitabxanada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Konqresdən Təhsil-press.az-a verilən məlumata görə, bayram şənliyində Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dilində şənbə və bazar günü məktəbinin uşaqları Novruz bayramına həsr olunmuş rəngarəng ədəbi-bədii proqram nümayiş etdiriblər.
Tədbirə qatılanları xoş müjdəli Baharın gəlişi münasibətilə təbrik edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov xalqımız tərəfindən min illiklər boyu qeyd edilən Novruz bayramının qədim tarixindən və zəngin çalarlarından bəhs edib.
Bayram tədbirində çıxış edən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının bu gün müstəqil dövlətimiz tərəfindən ən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. Dünya azərbaycanlılarının vahid ideya və milli məfkurə ətrafında birləşməsində Novruz adət-ənənələrinin xüsisi əhəmiyyətindən söz açıb. Bahar bayramı münasibətilə xalqımıza sülh və əmin-amanlıq, tarixi vətənimizə ruzi və bərəkət arzulayıb.
Azərbaycanla Ukrayna arasındakı sarsılmaz dostluq əlaqələrindən bəhs edən Səməd Vurğun adına Kitabxananın direktoru Qalina İvanovna bu əziz gündə hər iki dost ölkəyə öz ərazi bütövlüklərini bərpa etməyi arzulayıb.
Sonra tədbirə qatılanlar Novruz bayramını özündə əks etdiriən sənədli filmə baxmaqla, xalqımızın minilliklərə söykənən qədim və zəngin adət-ənənələri ilə tanış olublar.
Novruz şənliyində Azərbaycan dili məktəbinin uşaqları vətənə, torpağa həsr olunmuş şeirlər söyləyib, rəngarəng rəqs nömrələri nümayiş etdiriblər. Novruzun əfsanəvi qəhrəmanları olan Keçəl, Kosa və Bahar qızının duzlu və məzəli əhvalatları tədbirə qatılanlara xoş ovqat bəxş edib.
Tədbirdə ruzi, bərəkət rəmzi olan Novruzun milli atributlarını özündə əks etdirən sərgi nümayiş etdirilib.
Bayram şənliyi Ukraynanın xalq artisti Qurban Abbasovun şən mahnıları ilə davam etdirilib.

Təhsil-press.az

Oxşar xəbərlər