İordaniyalı akademik Azərbaycan və İordaniya universitetlərinin əməkdaşlığı perspektivlərindən yazıb

İordaniyalı akademik Azərbaycan və İordaniya universitetlərinin əməkdaşlığı perspektivlərindən yazıb İordaniya mətbuatında Azərbaycan və İordaniya universitetlərinin əməkdaşlığının perspektivlərindən bəhs edən məqalə dərc olunub.
Məqalənin müəllifi iordaniyalı akademik Mərvan Sudan “Əl Ənbat” və “Cohina” qəzetlərində iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.
Tələbəlik illərini Bakıda keçirmiş akademik məqaləsində hələ sovet hakimiyyəti illərində Azərbaycanın ali təhsil ocaqlarında təhsilin və elmi tədqiqatların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullanın şəxsi dostluq əlaqələri zəminində gündən-günə inkişaf edən əməkdaşlığın təhsil sahəsini də əhatə etdiyini qeyd edən müəllif vurğulayıb ki, yeni çağın çağırışları fonunda tələbə mübadiləsi və alimlərin birgə tədqiqatları olduqca aktualdır.
Nüfuzlu İordaniya Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı konfransın geniş əks-səda doğurduğunu qeyd edən M.Suda qeyd edib ki, ərəb ölkələri ilə Azərbaycanı birləşdirən tarixi bağlar və ortaq İslam mədəniyyəti tarixçi və filoloq alimlərin birgə tədqiqatları üçün əlverişli zəmindir. Bundan başqa, iordaniyalı gənclərin Azərbaycan və azərbaycanlı tələbələrin ərəb dilini öyrənməsi iki ölkə arasında əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.
Müəllif sonda qeyd edib ki, ötən əsrin 70-80-ci illərdə Azərbaycanın universitetlərindən məzun olmuş iordaniyalılar bu gün öz ölkələrində mühüm vəzifələrdə çalışırlar. “Arzu edirəm ki, təkcə İordaniyadan deyil, bütün ərəb ölkələrindən olan daha çox gənc dost ölkənin ali təhsil ocaqlarında təhsil alaraq vətənə yüksəkixtisaslı kadrlar kimi qayıtsınlar”, -deyə akademik vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər