Əmmanda məzunların 9-cu Ümumərəb Konfransı işə başlayıb

Əmmanda məzunların 9-cu Ümumərəb Konfransı işə başlayıb Əmmanda keçmiş Sovet İttifaqı respublikalarının ali məktəblərində ərəb ölkələrindən təhsil almış məzunların 9-cu Ümumərəb Konfransı işə başlayıb.
Azərbaycanın İordaniyadakı səfirliyindən tehsil-press.az-a bildirilib ki, görüş xarakteri daşıyan konfransda iordaniyalı məzunlarla yanaşı, müxtəlif ərəb ölkələrindən, o cümlədən Fələstin, Livan, Mərakeş, Yəmən, İraq və Misirdən gəlmiş məzunlar da iştirak edir.
Konfransın açılış mərasimi İordaniyanın Baş nazirinin himayədarlığı ilə Kral Hüseyn Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə İordaniyanın dövlət qurumlarının nümayəndələri, bir sıra ölkələrin Əmmandakı səfirləri, Rusiya və İordaniya ali məktəblərinin rəhbərləri, elmi təşkilatların və tələbə cəmiyyətlərinin təmsilçiləri iştirak edib.
İordaniyanın ali təhsil və araşdırmalar naziri Adel ət-Tuveysi mərasimi açaraq, Baş nazirin salamlarını tədbir iştirakçılarına çatdırıb və ölkəsinin belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.
Ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov tədbirdə çıxış edib. O, keçmiş Sovet İttifaqı dövründə dünyanın müxtəlif yerlərindən, o cümlədən ərəb ölkələrindən minlərlə gəncin Azərbaycan ali məktəblərində təhsil aldığını vurğulayıb. Həmin dövrdə təkcə İordaniyadan 700-dən çox gəncin Azərbaycanda ali təhsil aldığını diqqətə çatdıran diplomat təhsil sahəsində əməkdaşlığın ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Bildirib ki, xalqların bir-birinə yaxınlaşması, bir-birini daha da yaxından tanıması və xalqlararası dialoqun davam etdirilməsi üçün bu ənənələr mühüm əhəmiyyət kəsb edir.
S.Ağabəyov Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb, ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi uğurlu inkişaf yolu və əldə edilən nailiyyətlər barədə məlumat verib. Bildirib ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan qısa müddətdə siyasi və iqtisadi həyatın bütün sahələrində, o cümlədən təhsil sahəsində böyük uğurlara imza atıb. Hazırda iordaniyalı gənclərin Azərbaycanın müxtəlif ali məktəblərində, xüsusilə Tibb Universitetində təhsil almağa maraq göstərdiklərini qeyd edən səfir ölkəmizin bu maraqdan məmnun olduğunu və iki dövlət arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin hüquqi bazasının möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.
S.Ağabəyov Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli ilə bağlı son durum barədə məlumat verib. O, Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 20 faizdən çox ərazimizin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın öz doğma yurdunda qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Səfir ərəb dövlətlərinin münaqişəyə dair ədalətli və sabit mövqeyinin Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib və Xocalı soyqırımı ilə əlaqədar bir sıra dövlətlərin, o cümlədən İordaniya Senatının qəbul etdiyi bəyanatın əhəmiyyətini vurğulayıb.
Tədbirdə keçmiş Sovet İttifaqı respublikalarının ali məktəblərində təhsil almış məzunların Ərəb Birliyinin sədri F.ər-Rubai, keçmiş Sovet İttifaqı respublikalarının ali məktəblərində təhsil almış iordaniyalı məzunların “İbn Sina” klubunun sədri S.Tivalə, Rusiyanın Əmmandakı səfiri B.Bolotin və başqaları çıxış ediblər.
Tədbir məzunların və onların ailələrinin ərəb və rus dillərində təqdim etdikləri konsert proqramı ilə başa çatıb.
Konfrans işini noyabrın 17-dək davam etdirəcək.

Əmmanda məzunların 9-cu Ümumərəb Konfransı işə başlayıb

Oxşar xəbərlər