İnsan alverinin qurbanına çevrilməyək...

İnsan alverinin qurbanına çevrilməyək... Qloballaşan dünyada ümumbəşəri problemlərdən biri də insan alveridir. Düzdür, insan alverinin tarixinə nəzər salanda bunun kökünün bir neçə əsr bundan öncəyə gedib çıxdığını görsək də, etiraf edək ki, problem ötən əsrin sonlarından başlayaraq daha geniş vüsət alıb.
İnsan hüquqlarına zidd olan insan alverinə qarşı ölkəmizdə ciddi mübarizə aparılır və hüquqi-normativ baza müəyyən edilib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Bəs, insan alveri nədir? Kimlər bu alverin daha çox qurbanlarına çevrilirlər? İnsan alveri ilə məşğul olanların qurbanına çevrilməmək üçün nələrə diqqət verilməlidir? İnsan alveri ilə məşğul olanlar öz çirkin əməllərini yerinə yetirmək üçün hansı vasitələrdən istifadə edirlər? İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işlərinin əhəmiyyəti nə qədərdir? Dövlət səviyyəsində bu çirkin alverə qarşı hansı mübarizə tədbirləri həyata keçirilir?
Gəlin, suallarımıza nəzərə salaq və bu bəlaya düçar olmamaq üçün həm maariflənək, həm də maarifləndirək.
İnsan alveri nədir?
İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini təmin edirlər. Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və yasatılır. Qanunvericiliyə əsasən, məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. Bundan başqa, son vaxtlar bu işlə məşğul olan çirkin insanlar tərəfindən daha çox istifadə edilən insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi insan alveri halları kimi qeyd olunur.
Kimlər bu alverin daha çox qurbanlarına çevrilirlər?
İnsan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlar, dövlət qurumları, QHT-lərin apardığı araşdırmalara, təhlillərə görə qurbanların demək olar ki, əksəriyyəti təhsilsiz insanlardır. Adıçəkilən təşkilatların hesabatlarında təhsildən yayınanların bu məsələdə daha çox əziyyət çəkdiyi deyilir. Bundan başqa, işsizlər, miqrantlar, avaralıqla və dilənçiliklə məşğul olanlar, səfillər, kimsəsizlər və baxımsızlar, əxlaqsız həyat tərzi sürənlər, əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar, içki, narkotika və psixotrop maddələrdən asılı olanlar da daha çox insan alveri qurbanlarına çevrilir.
İnsan alveri ilə məşğul olanlar öz çirkin əməllərini yerinə yetirmək üçün hansı vasitələrdən istifadə edirlər?
İnsan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitələrdən istifadə edir, bu vasitələrlə öz qurbanlarını aldatmağa müvəffəq olurlar. Əfsuslar olsun ki, qurbana çevrilənlər onların toruna asanlıqla düşürlər. Verilən yalançı vədlərin hüquqi tərəflərini araşdırmadan, müəyyən etmədən özləri də bilmədən qurbanlara çevrilirlər. Onlar daha çox qanunsuz İşədüzəltmə firmaları, Moda agentlikləri, İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar və sairə vasitələrdən məharətlə istifadə edirlər. Eyni zamanda, tanışlar, qonşular, qohumlar tərəfindən gələcək qurbanlarına təkliflər göndərirlər. Bundan başqa, xarici agentliklər tərəfindən təkliflərlə də insanları aldatmağa nail ola bilirlər.
İnsan alverinə qarşı mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti
İnsan alverinə qarşı mübarizənin ən effektiv üsulu maarifləndirmədir. Mütəxəssislər də hesab edirlər ki, əgər qurbanlar ayıq olsalar, mövcud situasiyaları düzgün qiymətləndirsələr, bu çirkin alverlə məşğul olanların həm bəlasına düşməzlər, həm də onları ifşa edərlər. Buna görə də bu işlə məşğul olan təşkilatlar maarifləndirmə işlərinin erkən yaşlarda aparılmasını, yəni, təhsil ocaqlarında təbliğat işinin qurulmasının daha səmərəli olduğunu düşünürlər. Bundan başqa, KİV-lərdə, televiziya kanallarında bu istiqamətdə yazıların dərc olunması, verilişlərin hazırlanması, reklam çarxlarının çəkilməsi effektiv addımlardan hesab olunur.
Qurbana çevrilənlər kimlərə müraciət edə bilər?
Bu alverin qurbanlarına çevrilənlər ilk öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xəttinə, bundan başqa səfirlik və konsulluqlara, Qeyri-Hökumət Təşkilatlarına, beynəlxalq təşkilatlara, dini qurumlara, tibb müəssisələrinə də vaxtında xəbər verə bilərlər.
Xüsusi müəssisələr
İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, insan alveri qurbanlarına yardım mərkəzləri onların müdafiəsi üçün olan xüsusi müəssisələrdir. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnsan alverinin qurbanı olmuş şəxsin gizli saxlanılması təmin edilir
İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması – konfidensiallığı bütün hallarda təmin edilir. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Xaricdə insan alverinin qurbanına çevrilən vətəndaşlarımızın müdafiəsi təmin edilir
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.
İnsan alverinin qurbanı əgər Azərbaycan ərazisində yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, onlara müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.
İnsan alveri qurbanının normal həyat tərzinə qaytarılması necə baş verir?
İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması – reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununa əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.

Niyazi RƏHİMOV




Oxşar xəbərlər