Turizm və Menecment Universitetində “Career Advisor Zone” layihəsi yekunlaşıb

Turizm və Menecment Universitetində “Career Advisor Zone” layihəsi yekunlaşıb Azərbaycan Turizm və Menecment Universitetində Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin tələbə və məzunları üçün nəzərdə tutulan “Career Advisor Zone” adlı silsilə layihəyə yekun vurulub.
Martın əvvəlindən mayın əvvəlinə kimi mərhələli fəaliyyət göstərən təlim layihəsinin əsas məqsədi tələbələrlə işəgötürənləri birbaşa əlaqələndirmək, karyera imkanlarını dəstəkləmək, karyera strategiyalarına dair faydalı məsləhətlər vermək idi. “Career Advisor Zone” layihəsi çərçivəsində ilk təlim “Four Seasons Hotels and Resorts”un İnsan resursları departamentinin direktoru İdil Tumoz Eratay tərəfindən aparılıb. “Uğurlu karyeranın sirləri və strategiyaları” mövzusuna həsr olunan təlim prosesində İdil Tumoz Eratay vəzifə piramidasına yüksəliş amilini şəxsi fəaliyyət sferasında təlqin edib.
“Marcom” Marketinq və Kommunikasiyalar şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev isə marketinq sahəsinin mühüm məqamlarından və strategiyalarından danışıb.
“Fireworks” şirkətinin təsisçisi və direktoru Laura Həmidova və həmin şirkətin İnsan resursları üzrə mütəxəssisi Minə Şıxəlili tələbələrə uğurlu karyera qurmağın sirləri, müsahibə zamanı davranış qaydaları və müsahibə növləri, CV yazılması və s. haqqında dəyərli məsləhətlər veriblər.
Dövlət Məşğulluq Agentliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi Karyera filialının Xidmət inkişafı və innovasiyalar şöbəsinin müdiri Pərviz Əfəndizadə tələbələr qarşısında “Karyera və planlama” mövzusunda çıxış edib. Uğurlu karyera qurmağın müsbət və mənfi tərəfləri, müsahibə mərhələsində davranış qaydaları, karyera qurmaqda məqsəd aydınlığı, dəyər və vərdişlərin formalaşması və s. məsələlərə münasibət bildirib.
“Career Advisor Zone” layihəsi çərçivəsində son görüş “Sapphire” otellər qrupunun baş icraçı direktoru Elçin Zeynalabdin Mirzə ilə keçirilib. “XXI əsrdə baş menecerin rolu”, “Strategiya və taktika”, “Vaxt menecmenti və insan resursları” mövzusunda çıxış edən Elçin Zeynalabdin Mirzə uğurlu baş menecer olmağın sirləri, hotel sektorunda vacib məsələlər, əsas nüanslar və s. haqqında dəyərli məsləhətləri tələbələr tərəfindən maraqla qarşılanıb. İki ay davam edən silsilə təlimlərin sonunda tələbələrin çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər