Aprelin 17-də Milli Məclisin iclasında MSK-nın yeni tərkibi seçiləcək.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasının hərəsinin 1 mandatı var. YAP-ın deputatı Ramil Həsənlinin başqa vəzifəyə keçməsi səbəbindən mandatına xitam verildiyi üçün deputatların sayı 68-dən 67-yə düşüb. Partiyasız şəxslər isə 45 mandata sahibdir.
Qanuna görə, MSK-da 6 yeri parlamentdə çoxluqda olan partiyanın, 6 yeri azlıqda olan partiyaların, 6 yeri isə partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir. Partiyalar isə MSK üzvlüyünə namizədlərini Milli Məclisə təqdim edir.
Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev; azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov; partiyasız deputatların nümayəndələri isə Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.
Musavat.com-un xəbərinə görə, MSK-nın yeni tərkibində köhnə heyətin bəzi üzvləri təmsil olunmayacaq. Xüsusilə YAP-ın və parlamentdəki digər tərəflərin təqdim etdiyi siyahılarda köhnə üzvlərin təxminən 50 faizinin yer almayacağı bildirilir.
Milli Məclisdə yeni təmsilçilik hüququ qazanmış AMİP və BAP-ın da MSK-da və aşağı seçki komissiyalarında təmsil olunacağı gözlənilir.
Tehsil-press.az











