Uşaqlar kompüter qarşısında

Uşaqlar kompüter qarşısında Düzgün idarə və tətbiq olunarsa İKT-nin bir çox imkanları gənc nəslin inkişafına müsbət nəticə verəcək
Dünyada son 10 il ərzində elmi-texniki inkişaf, əsasən də rəqəmsallaşmanın artması, kompüterləşmənin sürətlənməsi IV Sənaye İnqilabını formalaşdıran təməl elementlərdən olmuşdur. Bu yeniliklərə olan tələbat zaman keçdikcə texnologiyanı həyatımızın bir parçasına çevirdi. Son illərdə texnologiyalar sürətlə inkişaf edir və kommunikasiya imkanları daha da artır.
Bəşəriyyətin ən böyük kəşflərindən biri olan texnologiya günümüzün ayrılmaz hissəsinə çevrilməkdədir. Artıq bu sistemin üzərində qurulmuş cəmiyyət formalaşır. İnformasiya texnologiyaları tətbiqinin inkişafı bütün təhsil pillələrində müşahidə olunur, elektron təhsil sisteminin əhatəsi genişlənir. Cəmiyyətin inkişafı baxımından bu yenilikləri öyrənmək, tədris etmək günümüzün əsas hədəfinə çevrilir. Bu gün internet elm, bilik dəryasıdır. Mobil şəbəkə, kompüter, internetdən istifadə insanın özünü, şəxsiyyətini kəşf etməsi baxımından önəmli amildir. Bu cihazların köməyi ilə insanın hərtərəfli təhsil almasına, sərbəst şəkildə özünüifadə etməyinə imkan yaranır. İnformasiyanı daha asan və tez bir sürətlə əldə etmək bir klik sayəsində mümkün hala gəlmişdir.
Belə ki, texnologiyanın gətirdiyi yeniliklərdən bütün təhsil pillələrində istifadə edilir və bundan təhsilalanların faydalanması istiqamətində işlər aparılır. Hazırda uşaqların daha çox məlumatlanma, bilik əldə etməsi üçün bu cihaza çıxışı var. Ötən illərdə uşaqlar kitablardan istifadə edərək öyrənirdilərsə, indi daha çox interaktiv resurslardan yararlanaraq bir çox mövzular haqqında əlavə bilikləri mənimsəyirlər. Uşaq və yeniyetmələrin gün ərzində vahid bir zamanda, təbii ki, valideynlərin nəzarəti çərçivəsində qoyulan vaxt ərzində kompüterdən istifadə etməsi onların öyrənmə sürətini artırır. Onlar texnologiya vasitəsilə öz təcrübələrini istiqamətləndirir, müəyyən proqram, oyunların üzərində işləyərək onların çətinlik səviyyələrini müəyyənləşdirirlər. Eyni zamanda, məhz bu yenilik sayəsində dil öyrənmə üsulları da artır, onlarda müxtəlif ölkələrdən təhsil məzmununa çıxış əldə etmək istəyi yaranır. Bu məzmunu anlama marağı başqa dilləri öyrənməyə həvəsləndirir. Uşaqlar yeni çətinliklərin öhdəsindən gəldikdən sonra texnologiya özünə inam yaradır. Onlar öz yaşına uyğun oyunlar oynayanda, aradan qaldırdıqları problemlərin onlarda inamların artırıldığı ilə müşahidə olunur. Əgər valideynlər, uşaqlar texnologiyadan istifadə edərkən onlara nəzarət edirlərsə, bu, onların inkişafını dəstəkləyən bir vasitəyə çevrilir. Ümumilikdə uşaqları texnologiyaya yönəltməzdən əvvəl faydalı və həvəsləndirici texnoloji məzmun tapmaq lazımdır. Bununla uşaqların əyləncəsində, yeni biliklər əldə etməsində daha effektiv rol oynayır. Bu vasitələrdən təhsil məqsədləri üçün istifadə edən uşaqların İQ səviyyələrini gücləndirməyə kömək edir. Bu, onlarda idrak bacarıqlarını, həm də öyrənmə, qəbuletmə prosesinin inkişafına təkan verir. İnternet platformasında uşaqlar məktəbdə öyrəndiklərini daha da təkmilləşdirmək məqsədilə əlavə materiallar da tapa bilirlər.
Digər tərəfdən, biz bilirik ki, uşaq və yeniyetmələr texnoloji yeniliklərdən əksər hallarda daha çox əyləncə məqsədi kimi istifadə edirlər. Uzun müddət plansız şəkildə internetdən istifadə özü ilə həm əqli, həm də fiziki olaraq bir çox problemlər yaradır. Bütün gününü və diqqətini nəyisə izləməyə yönəldən uşaqda gündəlik həyat bacarıqlarından yayınma halları, eyni zamanda sağlıqla əlaqədar məsələlər ortaya çıxır. Ətraf aləmlə təmas yaratma çətinləşir, xarici görünüşdə, xüsusilə, skelet, duruş sistemində dəyişiklik baş verir, oturaq həyata alışma vərdişi formalaşır. İnternetdən davamlı istifadə uşaqların ictimai həyatlarına da təsirdən yan keçmir. Onların internetdə yaratdığı mühit, tanış olduğu dostluqlar nəticəsində real həyatdan uzaqlaşıb, virtual dünyaya qapılırlar. Bu da gələcəkdə özgüvən duyğusunun azalmasına yol açır. Valideynlərin texnologiya ilə qarşılıqlı əlaqədə olan uşaqlara qayğı göstərməmələri onların ayrı qalmaları ilə nəticələnir və mobil cihazlarda video oynamaq və ya baxmaq üçün özlərini şəxsi məkanlara bağlamağa başlayırlar. Bir çox sosial platformaların öz proqramlarının uşaqlar üçün uyğun versiyalarını işə salmaqla uşaqların müdafiəsini gücləndirsələr də, fakt budur ki, uşaqlar onların inkişafına töhfə verməyən proqramlar və məzmunlara məruz qalırlar. Bəzi valideynlər həmçinin, uşaqlarını sakitləşdirmək məqsədi ilə onları telefon və ya planşetlə təmin edirlər, amma nəzarəti unudurlar. Nəticədə, uşaqlar başqaları ilə ünsiyyətdən məhrum olurlar. Ümumiyyətlə, müasir dövrün, texnikanın inkişafı hər sahəyə müdaxilə etdiyi kimi, uşaqların oyunlarına da təsir göstərir. Nəticə etibarilə, uşaqların aktiv şəkildə oynadıqları oyunları passiv kompüter oyunları əvəz edir.
Saatlarla kompüter qarşısında sadəcə ekrana baxaraq bütün fikrini oyuna yönəldən uşaqlarda ciddi psixi pozuntular əmələ gəlir. Uşaqların daha çox dinamik, enerjili olduqları bir dönəmdə bu cür hərəkətsiz qalmaları, enerjilərini boşaltmamaları ətrafdakılara qarşı daha sərt və soyuq münasibətli olmalarına gətirib çıxarır. Xüsusilə də şiddət doğuran səhnələrin yer aldığı oyunlar uşaqların düşüncə tərzinə də təsirsiz ötüşmür. Uşaqlar bu kimi davranışları gerçək həyatda da adi hal kimi qəbul etməyə başlayır və hərəkətlərində zamanla bu öz formasını alır. Ən əsas məsələlərdən biri də uşaqlar virtual dünyadan ayrıla bilmirlər. Bütün bunlar onların real həyatda davranışına təsir edir. Kitabdan uzaq qalan uşaq səbrsiz olur, ünsiyyət qurmaqda, cəmiyyətə uyğunlaşmaqda, fikirlərini izah etməkdə çətinlik çəkir. Kitab oxumaq uşaqlarda mövzu ilə bağlı suallar yaradır, ətrafdakılarla müzakirə aparma istəyini formalaşdırır. Texnologiya vasitəsilə ötürülən informasiya isə daha çox robotlaşmış təfəkkürə gətirib çıxarır.
Hər bir yenilənmə özü ilə bərabər həm fayda verəcək özəlliklər, həm də əks təsir göstərəcək xüsusiyyətləri gətirir. Əsas məsələ odur ki, bu kimi innovasiyalardan nə tərzdə, hansı istiqamətdə istifadə edilməsidir. İfratçılıq hər məsələdə ziyanlılıq gətirir. Bu məqamda dahi Nizami Gəncəvinin misraları yada düşür: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”. Bu fikri biz kompüterlərdən, mobil tətbiqlərdən, ümumi olaraq internetdən müntəzəm istifadə edilməsinə də aid edə bilək. Düzdür, əksər insanların gündəlik işləri bu platforma üzərində qurulur. Lakin onlar da özləri üçün vaxt bölgüsü edib, fiziki aktivliyi də unutmamalıdırlar. Belə ki, düzgün idarə və tətbiq olunarsa, texnologiyanın bir çox imkanları gənc nəslin inkişafına müsbət nəticə verəcək.

Tünzalə QULİYEVA

Oxşar xəbərlər