YUNİSEF-dən dünya ölkələrinə çağırış

YUNİSEF-dən dünya ölkələrinə çağırış Təşkilat hesab edir ki, karantin dövründə uşaqları internetdə qorumağa daha çox ehtiyac var
YUNİSEF dünya ölkələrinə səslənərək karantin dövründə uşaqları internetdə qorumağa çağırır. Təşkilat bildirir ki, özünütəcrid dövründə bütün dünyada milyonlarla uşaq kompüter və smartfonların ekranlarının qarşısında çox vaxt keçirirlər. Bu zaman onlar tez-tez ciddi, konkret cinci istismar və zorakılıqla bağlı təhlükələrlə üzləşə bilərlər.
"Məktəblər bağlandığı və virusun yayılmasının qarşısını almaq üçün digər ciddi tədbirlər görüldüyü bir şəraitdə uşaqlar rəqəmsal texnologiyalardan istifadə edərək təhsil alırlar, xarici aləmlə ünsiyyət qururlar, əylənirlər, lakin bütün uşaqlar internetdən təhlükəsiz istifadə etmək üçün lazım olan bilik və bacarıqlara malik deyillər", - deyə uşaqlara qarşı zorakılığın qarşısının alınması üzrə Qlobal tərəfdaşlığın icraçı direktoru Hovard Taylor bildirib.
Təşkilat bəyan edir ki, bu gün pandemiya ilə əlaqədar 1,5 milyarddan çox uşaq və yeniyetmə məktəbə getmir. İndi onların bir çoxu internet vasitəsilə öyrənir və ünsiyyət saxlayırlar. Tez-tez dünya şəbəkəsində nəzarətsiz olmaq uşaqları cinsi istismara məruz qaldıqları platformalara aparır. Sirr deyil ki, böhran şəraitində internetdə qeyri-etik davranışları ilə seçilən cinayətkar ünsürlərə geniş rast gəlinir və onlar yetkinlik yaşına çatmayanları, çox vaxt hətta azyaşlı uşaqları əxlaqsız hərəkətlərə cəlb edir, onlara ədəbsiz videolar göndərir və ya uşaqların özlərini əxlaqsız şəkildə videolara çəkirlər.
Bütün bu riskləri nəzərə alaraq YUNİSEF öz tərəfdaşları, o cümlədən uşaqlara qarşı zorakılığın dayandırılması üzrə Qlobal Tərəfdaşlıq, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və YUNESKO ilə birlikdə hökumətlər, İKT sektoru şirkətləri, pedaqoqlar və valideynlər üçün tövsiyələr hazırlayaraq, onları ayıqlıq göstərməyə, potensial risklərin azaldılması üçün təcili qərarlar qəbul etməyə , uşaqların təhlükəsizlikdə qalmamaları və pandemiya dövründə virtual sahədə "həyatın" müsbət təcrübəsini əldə etmələri üçün bütün zəriri addımları atmağa çağırır.
"COVİD-19 epidemiyası nəticəsində milyonlarla uşaq müvəqqəti olaraq öz evlərində təcrid olunmuş vəziyyətdə qaldı və elektron qurğularının ekranları qarşısında çox vaxt keçirir. Biz onlara bu yeni reallıqda istiqamətlənməyə kömək etməliyik", – deyə YUNİSEF-in icraçı direktoru Henrietta For bildirib.
YUNİSEF ekspertləri hesab edirlər ki, pandemiya şəraitində hökumətlər uşaqların müdafiəsi üzrə sosial xidmətlərin fasiləsizliyini təmin etməli, həmçinin uşaqların internetdə təhlükəsizliyinin təmin olunması üzrə informasiya-izahedici və tədris proqramlarını genişləndirməlidirlər.
Sosial şəbəkə platformaları da daxil olmaqla, informasiya texnologiyaları sənayesinin nümayəndələri məzmunu izləməli, avtomatik mühafizə tədbirləri tətbiq etməli, istinad xidmətləri və "etimad telefonları" nı təşkil etməlidirlər.
YUNİSEF hesab edir ki, valideynlər proqram təminatı və antivirus proqramlarının qurulmasında uşaqlara kömək etməlidir. Ata və analar internetdə necə və kimlərlə ünsiyyət qurduqları barədə uşaqlarla açıq dialoq aparmalı, internetdən necə, nə vaxt və hansı məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı qaydalar müəyyənləşdirməli, eləcə də şəbəkədə fəallıqları ilə əlaqədar uşaqlarda yarana biləcək stress əlamətlərinə diqqət yetirməlidirlər.
( mənbə: news.un.org/en/story/2020/04/1061742)

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər