İstinin xeyrindən çox ziyanı var - ARAŞDIRMA

İstinin xeyrindən çox ziyanı var - ARAŞDIRMA Alimlərin fikrincə, şiddətli istilər iqlim dəyişikliyinin əsas təsirlərindən biridir. Son illərdə dünyanın müəyyən bölgələrində müşahidə olunan rekord temperatur planetin sürətlə istiləşdiyini və temperaturun daha da yuxarı qalxacağını göstərir.
Həddindən artıq istilər bütün dünyada milyonlarla insanın həyatına və yaşayışına təhdid yaradır. Belə ki, dözülməz isti hava şəraiti insanları öldürür, infrastruktura ziyan vurur və ərzaq təhlükəsizliyini təhdid edir.
Həddindən artıq istilərin ağır yükünü inkişaf etməkdə olan ölkələr və aşağı gəlirli insanlar daşıyır. Artıq bir çox siyasətçilər, biznesmenlər qlobal istiləşmə barədə daha çox müzakirələr aparmağa başlayıblar. Hətta bu ilin noyabr ayında BMT iqlim böhranı barədə qlobal konfrans keçirməyi planlaşdırır.
Yerin orta temperaturu 1880-ci illərdən bəri 1°C-dən çox artıb. Buna insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyalarının artması səbəb olub. Dünyanın bəzi əraziləri, xüsusilə Arktikada temperatur sürətlə artır. Bu isə elm adamlarını həyəcan təbili çalmağa əsas verir.
Statistika göstərir ki, hazırda dünya əhalisinin beşdə birindən çoxu istiləşməyə məruz qalmış regionlarda yaşayır. Demək olar ki, bütün dövlətlər iqlim dəyişikliyindən zərər görə bilər. Araşdırmalara görə, 30-60 milyon insan tempraturun insan həyatına təhlükə yaratdığı ərazilərdə məskunlaşıb. Emissiyalar azaldılmasa, bu insanlar yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bundan əlavə, əsrin sonuna qədər ciddi tədbirlər görülməsə, yerin orta temperaturu 1880-ci illərlə müqayisədə 3°C-dən çox artacaq.
2050-ci ilə kimi dünyada insanların 70 faizindən çoxu şiddətli isti dalğaları ilə üzləşə bilər. Araşdırma əsasında deyə bilərik ki, həddindən artıq istilər insan sağlamlığına böyük təhlükə yaradır və nəticədə daha çox ölümə səbəb olur.
Birləşmiş Ştatlarda yüksək temperatur digər ağır hava hadisələrindən daha çox ölümə gətirib çıxarır. Şiddətli isti nəticəsində tər insan bədənindən buxarlana və bədən öz işini davam etdirə bilmir. Nəticədə insan bir neçə saat içərisində həyatını itirmiş olur.
Digər tərəfindən iqlim dəyişikliyi səbəbindən kritik həddə çatma ehtimalı da artıb. Aşağı gəlirli insanlar və inkişaf etməkdə olan ölkələr coğrafi mövqeyi, meşələrin qırılması və kondisioner, eləcə də soyutma sistemlərinin olmaması səbəbindən istiliklə bağlı xəstəliklərə və ölümlərə daha yaxındırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal dünyanın ən isti bölgələrində yaşayan 2,8 milyard insanın yalnız 8 faizinin kondisioneri var, digərləri isə dözülməz hava şəraitilə ölümcül mübarizə aparır.
İstilik insanları qeyri-bərabər şəkildə öldürür. Yaşlı və sosial təcrid olunmuş insanlar üçün ölüm nisbəti yüksəkdir. Uşaqlar, hamilə qadınlar, ürək xəstələri daha çox risklə üz-üzədir. Əsasən açıq havada çalışan işçilər istiliklə əlaqəli xəstəliklərə daha çox məruz qalırlar.
İsti hava şəraiti eyni zamanda elektrik şəbəkəsinə ciddi ziyan vurur. Kütləvi şəkildə kondisionerlərin istifadə olunması bəzən elektrik stansiyalarının tutumunu üstələyir, bu da elektrik şəbəkəsinin sıradan çıxmasına səbəb olur.
İqlim dəyişikliyinin səbəb olduğu əsas təhlükə ərzaq təhlükəsizliyi ilə əlaqəlidir. Ukraynadakı müharibəyə görə onsuz da ciddi risk altında olan taxıl bazarı yüksək temperatur nəticəsində daha böyük təhdidlə üzləşir. Həddindən artıq istilər bitki istehsalına, heyvandarlığa və balıqçılığa mane olur. Əsrin ortalarına qədər kənd təsərrüfatı dünyanın sürətlə artan əhalisini qidalandırmaq üçün təxminən 50 faiz daha çox ərzaq istehsal etməli olacaq.
Rəsmi məlumatlara əsasən, son bir neçə il ərzində istilik dalğaları və quraqlıq qlobal miqyasda məhsul bazarında təxminən 20-50 faiz itkiyə səbəb olub. Məlumat üçün onu da bildirək ki, 2018-ci ilin istiləri Mərkəzi və Şimali Avropadakı ərazilərdə kənd təsərrüfatı məhsuldarlığını yarıya qədər azaldıb. Bu isə qlobal təhlükədən xəbər verir.
Ən böyük təhlükə isə odur ki, qarşıdakı onilliklərdə iqlim dəyişikliyi müharibələrə səbəb olacaq. İnsanlar xüsusilə su mənbələri uğrunda mübarizəyə başlayacaq. Hökumətlər bununla əlaqəli tədbirlər görməli, emissiyaların azaldılması istiqamətində addımlar atmalıdır. Lakin burada insanların üzərinə də böyük məsuliyyət düşür. Belə ki, hər bir insan məsuliyyətini tam dərk edərək, dünyanı gözləyən faciəvi problemlərlə mübarizə yolu tapmalıdır, yoxsa çox gec olacaq...

Tehsil-press.az


Oxşar xəbərlər