Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çinin ənənəvi bayramı olan “Payızın ortası” – Çin Yeni ilindən sonra ikinci ən mühüm bayram olan “Çjonçücye”yə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çjonçücye” bayramının tarixindən danışıb. O, bu bayramın Azərbaycanın qədim payız bayramı “Kövsaç” ilə oxşarlığını qeyd edib. R.Abbasov bu bayramın ailə üzvləri ilə, yaxın qohumlar və dostlarla birlikdə qeyd olunduğunu da vurğulayıb.
Tədbirdə ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Bədəlbəyli bayram günündə ailə üzvlərinin bir araya gələrək parlaq tam Aya heyran olduqlarını, ailə üzvlərinə və dostlarına ən xoş arzularını bildirdiklərini qeyd edib. Bildirib ki, bayram günlərində Çində Ay şənlikləri keçirilir. Quşlar, balıqlar, meyvələr şəklində bayram fənərləri asılır, Ay dovşanlarının heykəlcikləri uşaqlara təqdim olunur.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşunas tələbələri “Çjonçücye” ilə bağlı oxatan Xou Yi və onun Aya uçan gözəl həyat yoldaşı Çan-ı, Yəşim imperatoru və Ay dovşanı haqqında rəvayətlərdən danışıblar. Şagirdlər qədim Çin şairlərinin bayramın simvollarından birinə çevrilən - Aya həsr olunmuş şeirlərini, o cümlədən Şair Su Şinin Sun sülaləsi dövründə qələmə aldığı ən məşhur "Su melodiyası" poemasını səsləndiriblər.
N.Bədəlbəyli, həmçinin bayramın ən ənənəvi yeməyinin hazırlanması reseptini də bölüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər