UNEC VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

UNEC VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur Oktyabrın 5-də açılışı olan VIII Bakı Beynəlxalq Kitab sərgisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi də öz stendi ilə təmsil olunub.
İqtisad Universitetinin stendi həm xüsusi dizaynı, həm də zəngin resursları ilə ziyarətçilərin böyük marağına səbəb olub. Burada UNEC KİM-in fonduna daxil olan müxtəlif çap məhsulları, o cümlədən UNEC alimlərinin Azərbaycan, rus, ingilis və türk dillərində nəşr olunmuş əsərləri, iqtisadiyyata dair tərcümə ədəbiyyatları, dünyanın nüfuzlu nəşriyyatlarının nəşrləri və tədris prosesində istifadə olunan digər əyani vəsaitlər nümayiş olunub.
UNEC-in Dizayn Məktəbinin təşkil etdiyi “Yaşıl iqtisadiyyat və mütaliə mədəniyyəti” adlı instalyasiyanı (canlı heykəl) sərgi ziyarətçiləri maraqla izləyiblər. Məktəbin tələbələri yaşıl ağac obrazında ekoloji təmiz iqtisadiyyatı, dirçələn Qarabağı, ətraf mühitə zərər vurmadan davamlı inkişafın təmin edilməsinin əhəmiyyətini göstərməklə yanaşı, sağlam mühitdə gənclərə oxu mədəniyyətinin aşılanmasının zəruriliyinə də diqqəti yönəltməyə çalışıblar.
Universitetin Kitabxana İnformasiya Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva ziyarətçilərə stenddə nümayiş olunan nəşrlər və instalyasiya barədə ətraflı məlumat verib.
UNEC stendində təşkil edilmiş Qarabağ guşəsi, eləcə də Dördüncü Sənaye İnqilabı guşəsi yerli və xarici ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Tehsil-press.az



Oxşar xəbərlər