Azərbaycan İlahiyyat İnstitutunun rektoru İsveçrədə keçirilən tədbirdə məruzə edib

Azərbaycan İlahiyyat İnstitutunun rektoru İsveçrədə keçirilən tədbirdə məruzə edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev və Cenevrə Dinlərarası Dialoq Platformasının nümayəndələri ilə görüşüb.
Görüşdə rektor A.Şirinov “Dini radikalizmə və zorakılığa təsir edən psixoloji amillər” mövzusunda məruzə ilə çıxış edib. İnstitut rəhbəri zorakılığın yaranmasına təsir edən amillər arasında insanın təbiəti ilə əlaqəli olanlarla yanaşı, uşaqlıq təcrübələri, insanlararası ictimai münasibətlər, eyni zamanda, sərt və radikal dünyagörüşü məqamlarının da olduğunu vurğulayıb. Məruzəçi radikal qruplara qoşulma prosesinin çoxyönlü xarakterə malik olduğunu qeyd edərək, radikallaşma prosesini təkcə fərdi psixoloji xüsusiyyətlərlə açıqlamağa çalışan reduksionist nəzəriyyələrin mövzunu tam aydınlaşdıra bilmədiyini diqqətə çatdırıb.
Rektor iştirakçılara Azərbaycanda mövcud multikultural mühit barədə məlumat verib. Bildirilib ki, ölkədə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilir.
Azərbaycanda tolerant mühitin və dini həmrəyliyin bariz nümunəsini 44 günlük Vətən müharibəsində müşahidə etdik. Həmin vaxt dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bir amal uğrunda, torpaqlarımızın azadlığı naminə birliyinin şahidi olduq.
İlahiyyat İnstitutunun rektoru rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, institutda mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, təşkil olunan konfranslar, əldə olunmuş nailiyyətlər, ali məktəbin beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələrdən bəhs edib.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər