Pedaqoji Universitetdə YAP-a yeni üzv olan gənclərə vəsiqələr təqdim edilib

Pedaqoji Universitetdə YAP-a yeni üzv olan gənclərə vəsiqələr təqdim edilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə “Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatı YAP-ın yaranmasının 30 illiyinə həsr olunan iclas keçirib.
Əvvəlcə müasir müstəqil Azərbaycan Respublikasının və YAP-ın qurucusu ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İclasda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov, YAP Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev və “Ü.Hacıbəyov 68” Ərazi Partiya Təşkilatının sədri Sultanəli Qurbanov Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıblar. Çıxışlarda YAP-ın müasir Azərbaycan dövlətinin inkişafında müstəsna rolu vurğulanıb, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yaranan partiyanın cəmiyyət həyatının bütün sahələrində müsbət fəaliyyəti xüsusi qeyd edilib.
Partiyanın tarixini əks etdirən videoçarx nümayiş olunduqdan sonra YAP-ın “qızıl fondu”nu təşkil edən “91-lər”in nümayəndələrindən professor Hacan Hacıyev və dosent Allahverdi Hacıyev ötən əsrin 90-cı illərində yaranmış çətin ictimai-siyasi vəziyyət fonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətindən və bu zaman qarşıya çıxan çətinliklərdən söz açıblar.
Sonda Ərazi Partiya Təşkilatının fəalları fəxri fərman və təşəkkürnamələrlə təltif olunub və YAP-a yeni üzv olan gənclərə vəsiqələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər