BSU-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub

BSU-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin BSU-nun foyesindəki büstü önünə əklil qoyublar. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Rektor Nurlana Əliyeva tədbir iştirakçılarını YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edib, onlara həyatda və fəaliyyətlərində böyük uğurlar arzulayıb. Rektor bildirib ki, bu günlər respublikamızda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir. Noyabrın 21-i xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. YAP-ın yaranması tarixi zərurət idi. Azərbaycanın ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində düşdüyü mürəkkəb, böhranlı və faciəli vəziyyətə dözə bilməyən 91 nəfər vətənpərvər ziyalı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər. Ulu öndər Heydər Əliyev bu müraciətə 1992-ci il oktyabrın 23-də cavab verdi. Qüdrətli siyasi xadim Heydər Əliyevin bu cavabı, əslində, proqram xarakterli bir sənəd idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də xalqımızın dahi oğlu, milli təəssübkeşimiz, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi.
Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmaq, separatçılıq, vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkədə möhkəm daxili ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi. 1995-ci ildə YAP-ın Qadınlar Şurasının yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi xüsusi diqqət və qayğının, onun fəaliyyətinə verdiyi yüksək qiymətin əyani təcəssümüdür.
Nurlana Əliyeva çıxışında diqqətə çatdırıb ki, müdrik siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var. YAP dövlətimizlə qoşa qanad kimi fəaliyyət göstərir.
Sonra YAP-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Qeyd edib ki, YAP sarsılmaz siyasi təşkilatdır, cəmiyyətimizin aparıcı qüvvəsidir. YAP-ın sıralarında cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri təmsil olunurlar. BSU-nun tələbə-gəncləri böyük həvəslə, ürəklərinin hökmü ilə YAP-a üzv olurlar. Çünki onlar öz xoşbəxt gələcəklərini məhz bu partiyanın fəaliyyətində görürlər.
YAP Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Murad Sadıqov ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərə yüksək səviyyədə təhsil almaq, ictimai-mədəni həyatda fəal iştirak etmək və dövlət idarəçiliyində təmsil olunmaq üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür edib və onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğulayıb.
Sonra “Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş olunub.
Tədbirin sonunda YAP-a yeni üzv olan tələbə-gənclərə üzvlük vəsiqələri təqdim edilib.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər