Azərbaycanlı alim Qazaxıstan Milli Universitetində mühazirə oxuyub

Azərbaycanlı alim Qazaxıstan Milli Universitetində mühazirə oxuyub Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Alternativ energetika: nailiyyətlər, problemlər və perspektivər” mövzusunda lider mühazirəsi oxuyub.
Fəxri qonağı qarşılayan Qazaxıstan Milli Universitetinin əməliyyat işləri üzrə prorektoru Asel Uvəliyeva universitetdə liderlik mühazirələrinin gözəl və faydalı ənənələr statusu aldığını qeyd edib. Bildirib ki, bu layihə tələbələrə seçdikləri ixtisas üzrə fəaliyyətin xüsusiyyətləri haqqında ilkin mənbədən məlumat almağa imkan verir, həmçinin onları özünü daha da inkişaf etdirmək və uğurlu karyera qurmaq üçün ruhlandırır.
“Süleyman Allahverdiyev fiziki-kimyəvi, molekulyar biologiya və bitki biokimyası sahəsində beynəlxalq miqyasda tanınan alimdir”, - deyə Asel Uvəliyeva bildirib.
Dəvətə görə universitetin rəhbərliyinə, Biologiya və biotexnologiya fakültəsinə təşəkkürünü bildirən professor Süleyman Allahverdiyev alternativ enerjinin nailiyyətləri və perspektivləri haqqında mühazirə oxuyub.
“Biz hamımız dünyanın qlobal problemləri haqqında bilirik. Bunlar əhalinin artması, aclıqla mübarizə, təbii sərvətlərin tükənməsi, varlılarla yoxsullar arasında uçurumun artması, ölkələr arasında münaqişələrin kəskinləşməsidir. Bu problemlər bir çox cəhətdən enerji resurslarına olan ehtiyacdan irəli gəlir. Zamanla bu vəziyyət daha da pisləşəcək”, - deyə mühazirəçi bildirib. Onun sözlərinə görə, qlobal enerji problemlərinin həlli üçün müxtəlif alternativ ekoloji cəhətdən təmiz bərpaolunan enerji mənbələrindən getdikcə daha çox istifadə olunur. Bunlara ənənəvi olaraq külək, geotermal və günəş enerjisi, həmçinin emal olunmuş biokütlə əsasında enerji daxildir.
S.Allahverdiyev, həmçinin universitetin rektoru Janseit Tumebayevlə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri, birgə elm və təhsil layihələrinin həyata keçirilməsi müzakirə olunub. Görüşün sonunda alimə Qazaxıstan Milli Universitetinin "Əməkdə fərqlənməyə görə" medalı təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər