Məsələnin tibbi tərəfi olduqca kritikdir. Bir çox hallarda istifadə edilən boyaların tərkibi sənaye boyalarından fərqlənmir və tərkibində civə, qurğuşun kimi ağır metallar mövcud olur. Bu maddələr limfa düyünlərinə yığılaraq immun sistemini zəiflədir və gələcəkdə xərçəng riskini artırır. Sterilizasiya qaydalarına tam riayət edilməyən mühitlərdə isə bu prosedurlar Hepatit B, C və hətta QİÇS kimi qanla keçən ölümcül xəstəliklərə qapı açır. Tibbi araşdırmalar göstərir ki, döyməsi olan insanların maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı dəridə yanıqlar yaranma riski də mövcuddur. Yəni bu gün "gözəllik" naminə atılan addım, sabah sağlamlıq üçün ciddi əngələ çevrilə bilər.
Digər tərəfdən, məsələnin sosial və psixoloji yükü də az deyil. Gənclik dövrü emosiyaların coşduğu, zövqlərin sürətlə dəyişdiyi bir mərhələdir. 20 yaşında böyük həvəslə bədənə həkk olunan bir simvol və ya yazı, 30 yaşında utanc mənbəyinə çevrilə bilir. Statistika göstərir ki, döymə etdirənlərin böyük bir qismi illər sonra onu sildirmək üçün müraciət edir. Lakin silmə prosesi həm vurulma prosesindən qat-qat ağrılıdır, həm də dəridə ömürlük izlər buraxır. Bu, sadəcə estetik peşmanlıq deyil, həm də bəzi karyera yollarında gənclərin qarşısına çıxan maneədir. Bir çox ciddi qurumlar və dövlət orqanları görünən yerdə döyməsi olan namizədlərə ehtiyatla yanaşır.
Bu problemin həlli qadağalarda deyil, şüurlu yanaşmadadır. Gənclər anlamalıdırlar ki, bədən sınaq lövhəsi deyil. Hər hansı bir qərar verməzdən əvvəl "Bu izi ömrümün sonuna qədər daşımağa hazırammı?" sualını özlərinə verməlidirlər. Özünüifadənin yolu mütləq dərini zədələməkdən keçmir. İnsanın əsl imzası onun zəkası, bacarıqları və xarakteridir. Bu baxış bucağının dəyişməsi ona görə vacibdir ki, gənclərimiz keçici həvəslərin qurbanı olmasın, sağlamlıqlarını və gələcək karyeralarını bu günün ötəri dəbinə qurban verməsinlər!
"İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi
Tehsil-press.az






