“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2021-2022-ci tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 205, Sabunçu rayonu üzrə 96, Xətai rayonu üzrə 95, Nərimanov rayonu üzrə 291 nömrəli Ekologiya liseyi, Pirallahı rayonu üzrə 231, Qaradağ rayonu üzrə 166, Suraxanı rayonu üzrə 279, Xəzər rayonu üzrə 120, Nəsimi rayonu üzrə 240, Nizami rayonu üzrə 12, Səbail rayonu üzrə 239, Yasamal rayonu üzrə 53 nömrəli tam orta məktəblər münsiflər heyəti tərəfindən qalib seçiliblər.
Bildirilib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir. Ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, məktəblərin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi kimi meyarlar əsas tutulub.
Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər BŞTİ tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılıb. Müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.

Tehsil-press.az


Oxşar xəbərlər