Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.
Müsabiqənin final mərhələsinin nəticələrinə görə, 240 nömrəli məktəbin komandası 36 balla I, 83 və 166 nömrəli məktəb-liseylərin komandaları 33 balla II, 312 nömrəli məktəb-lisey və 291 nömrəli Ekologiya liseyinin komandaları isə 32 balla III yerə layiq görülüb.
Xatırladaq ki, müsabiqənin final mərhələsində Suraxanı rayonu üzrə 85, Xəzər rayonu üzrə 136, Sabunçu rayonu üzrə 96, Pirallahı rayonu üzrə 243, Səbail rayonu üzrə 236, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 240, Xətai rayonu üzrə 24, Binəqədi rayonu üzrə 83 və 313 nömrəli tam orta məktəblər, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-lisey, Nərimanov rayonu üzrə 291 nömrəli Ekologiya liseyinin komandaları iştirak edib.
Komandalar ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələ və 1 təcrübə işini yerinə yetiriblər. Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və fizika fənninə marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.
Müsabiqədə iştirak edən komandalar 3 nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) təşkil olunub.
Qaliblər 2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər