ADU-da Beynəlxalq ərəb dili günü qeyd edilib

ADU-da Beynəlxalq ərəb dili günü qeyd edilib Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq ərəb dili günü qeyd olunub.
Tədbirdə çıxış edən universitetin rektoru akademik Kamal Abdulla Azərbaycanın ərəb ölkələri ilə sıx əlaqəsi olduğunu, bu əlaqələrin həm siyasi, həm də mədəni istiqamətdə inkişaf etdiyini deyib. Rektor qonaqlara universitetdə ərəb dilinin tədrisi ilə bağlı məlumat verib. Universitetdə Ərəb mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini deyən K.Abdulla qonaqları mərkəzlə tanışlığa, universitetin səfir klubunda tələbələrlə görüşə dəvət edib.
Rektor qeyd edib ki, Prezident İlham Əliyev hər zaman İslam dininin sülh dini olduğunu bildirib, beynəlxalq tribunalardan ərəb ölkələrinin mövqeyini dəstəkləyib.
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ADU-da ərəb dilinin tədrisini, beynəlxalq ərəb dili gününün keçirilməsini yüksək qiymətləndirib. Bu günün ənənəyə çevrilərək Ərəb-Azərbaycan Birliyi Günü kimi qeyd olunmasına görə universitet rəhbərliyinə təşəkkür edib. O, ərəb dilinin zənginliyindən, bu dilin beynəlxalq müstəvidə əhəmiyyətindən danışıb. Bildirib ki, ərəb dili insanların fikirlərini çatdırmaq istədiyi ən dolğun dillərdən biridir.
Sonra Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin ərəbşünaslıq ixtisasında təhsil alan tələbələr ərəb dili gününə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər. Universitetdə ərəb dilinin tədrisindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə, həmçinin ərəb ölkələrinin tarixi və mədəni irsi haqqında videoçarx, mədəniyyət nümunələri təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər