BDU-da dəyirmi masa: Cənubi Azərbaycanda ana dilimizin problemləri

BDU-da dəyirmi masa: Cənubi Azərbaycanda ana dilimizin problemləri Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində keçirilən dəyirmi masada “Cənubi Azərbaycanda ana dilimizin problemləri” mövzusunda müzakirələr aparılıb.
21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə BDU-nun rektoru Elçin Babayev müasir dünyanın dil mənzərəsindən, Azərbaycan dilinin keçdiyi inkişaf yolundan, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin kifayət qədər güclü olmasından, dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dil quruculuğundan danışıb. Qeyd olunub ki, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin bir dildir. Dünyanın qədim tarixə malik dillərindən olan Azərbaycan dili min illərin sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışını xatırladan rektor vurğulayıb ki, ana dilimizə göstərilən dövlət qayğısının miqyası artıq ölkə sərhədlərini aşıb. Azərbaycan Prezidenti təkcə ölkəmizdə deyil, dünyada yaşayan azərbaycanlıların ana dili məsələsini diqqət mərkəzində saxlayır.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Cənubi Azərbaycanda dil siyasəti, xalq danışıq dili, ədəbi dil və norma məsələləri haqqında ətraflı məlumat verib, ötən yüzillikdə milli düşüncəli ziyalıların ana dilimizin təbliği və öyrənilməsinə verdikləri töhfələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Məruzəçi bildirib ki, İranda əsrlər boyunca Azərbaycan dili dövlət tərəfindən mühafizə olunmasa da, ana dilimizdə mükəmməl klassik əsərlər yaranıb. Ona görə də Cənubi Azərbaycanda ana dilimizin hər hansı şəkildə qadağan olunması onun inkişafını ləngidə bilər, ancaq heç cür dayandıra bilməz.
Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin “Güney Azərbaycan: ədəbi dil, koyne dialekt, yoxsa hibrid dil” adlı məruzəsində Azərbaycan ədəbi dilinin cənub qolu ətrafında gedən müzakirələrdən söz açılıb.
Tədbirin moderatoru - Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Beynəlxalq Ana Dili Gününün tarixi əhəmiyyətindən, dünya dillərinin müasir vəziyyətindən, inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların həyata keçirdikləri dil siyasətindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin ünsiyyət coğrafiyasından, o cümlədən cənubi azərbaycanlıların dil problemindən bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər