AzMİU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “4-cü sənaye inqilabının inkişafının təməl yolu milli qurtuluşdan başlayır” mövzusunda elmi konfrans keçirilib.
Elmi Konfransda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Milli Məclisin deputatları Hicran Hüseynova və Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü İslam Mustafayev, universitetin professor müəllim heyəti, tələbələr iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfransı giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və təməlində azərbaycançılıq, milli məfkurə dayanan fəaliyyətinə diqqət çəkib. Rektor qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ ötən əsrin 70-ci illərində Azərbaycan iqtisadiyyatının, o cümlədən tikinti sektorunun davamlı inkişafının təməli qoyulub. AzMİU-nun Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 1975-ci ildə yaradıldığını vurğulayan professor Gülçöhrə Məmmədova dahi şəxsiyyətin bütün məsələlərə strateji yanaşdığını, idarəçiliyini ölkəmizin müstəqil gələcəyinə yönələn prosesin bir parçası kimi həyata keçirdiyini vurğulayıb.
Konfransda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyətini araşdırarkən onun necə qüdrətli, hərtərəfli lider olduğu bir daha öz təsdiqini tapır. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən dahi şəxsiyyətdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü İslam Mustafayev və AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva Ulu Öndərin fəaliyyəti, təhsilin, iqtisadiyyatın, xüsusilə inşaat və memarlıq sahəsinin inkişafına müsbət təsiri haqqında məruzə ilə çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər