BSU-da “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq elmi konfrans keçirilib

BSU-da “Heydər Əliyev İli” çərçivəsində beynəlxalq elmi konfrans keçirilib Bakı Slavyan Universitetində (BSU) "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev həyatını və fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsindən, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən söz açıb. Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsili, elmi, mədəniyyəti yüksəltdiyini, xalqın marağını hər işdə önə çəkdiyini vurğulayıb, Ulu Öndərin mütərəqqi və inkişaf etmiş ölkələrə inteqrasiya olmaq üçün tarixi işlər gördüyünü deyib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruduğunu, digər ölkələrlə iqtisadi əlaqələri möhkəmləndirmək üçün işbirliyi yaratdığını, Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdiyini qeyd edib. Rektor BSU-nun da inkişafının Ulu Öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə baş verən ictimai-siyasi proseslərdən danışaraq, Ulu Öndərin milli dövlətçiliyimizin xilaskarı olduğunu deyib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün dövrlərdə xalqı qorumaq üçün hər bir sahədə atdığı mühüm addımlarla Azərbaycan tarixində silinməz iz qoyduğunu vurğulayıb.
Elm və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ulu Öndərin təhsil sahəsində apardığı islahatlardan danışıblar. Qeyd olunub ki, həyata keçirilən həmin islahatlar ölkə təhsilinin gələcək inkişafına zəmin yaradıb.
Sonra Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu və siyasi irsini əks etdirən videoçarx nümayiş olunub.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqappor Qırğızbayev Ulu Öndər Heydər Əliyevin Özbəkistan və Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan danışıb. Hər iki dövlət arasındakı əlaqələrin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb. Hazırda bu dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən istər elm, istər siyasət, istərsə də mədəni sahədə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov Heydər Əliyevin keçmiş sovetlər dövründə fəaliyyətindən, xüsusilə təhsil sahəsində gördüyü işlərdən bəhs edib.
Gürcüstanın Kutaisi Dövlət Universitetinin rektoru Şalve Kirtadze hələ sovet dövründən Heydər Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verməsini diqqətə çatdırıb.
Rusiyanın Ural Federal Universitetinin rektoru Viktor Kokşarov isə Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycanı dirçəltməsindən, ittifaq səviyyəsində öndə gedən respublikalardan birinə çevirməsindən söz açıb.
Konfransda Polşanın Torun Universitetinin professoru, “Marşalek Holdinq” nəşr evi idarə heyətinin sədri Adam Marşalekin videomüraciəti nümayiş olunub, Qazaxıstan Respublikası L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru akademik Yerlan Sadıkovun təbrik məktubu səsləndirilib.
Konfransın açılış mərasimi bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər