“Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib

“Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.
Əvvəlcə “Pillə-2” Tələbə Tamaşaları Festivalından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova ikinci dəfə keçirilən festivalın əhəmiyyətini vurğulayıb, iştirakçıları və qalibləri təbrik edib.
Professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Əməkdar artist Gülşad Baxşıyeva və digər çıxış edənlər iştirakçıları təbrik edərək, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıblar.
Sonra qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunub. Habelə BDU-nun festivaldakı iştirakçılarına diplom verilib.
“Nazirin xanımı” tamaşası (Elməddin Zakirli) “Ən yaxşı kişi rolu”, “Cəhənnəm sakinləri” (Nigar Mürsəlova) “Ən yaxşı qadın rolu” nominasiyası üzrə qalib olub. Həmçinin “Nazirin xanımı” (kurs rəhbəri Gülşad Baxşıyeva) “Ən yaxşı tamaşa”, “Yad” tamaşası isə “Gənc ekspertlərin mükafatı” (“SABAH” qrupları, kurs rəhbəri Ceyhun Dadaşov) nominasiyaları üzrə mükafatlandırılıb.
Qeyd edək ki, iyunun 9-dək davam edən festivalda ADMİU-nun aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunub. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşib.

Tehsil-press.az



Oxşar xəbərlər