
Mövzunu şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, İnformasiya Əldə Etmək Haqqında Qanunda sorğunun verilməsi və cavabın alınmasının prinsipləri açıq şəkildə göstərilib:
“Orada qeyd olunur ki, sorğular şifahi (telefon vasitəsi ilə) və yazılı şəkildə verilə bilər. Yazılı şəkildə email, faks və ənənəvi poçt vasitəsilə ilə sorğunun göndərilməsi mümkündür. Amma məsələ mübahisələndirilərsə, (yəni sorğu verib cavab ala bilmədikdə) hüquqi ölçü götürmək üçün müəyyən addımlar atıla bilər. Bu məqamda hüquqi ölçü götürmək üçün sorğunun yazılı formada verilməsi daha məqsədəuyğundur. Çünki şifahi sorğular və telefon danışıqları məhkəmələrdə sübut kimi qəbul edilmir. Ona görə də, zəng vuranda və ya yazanda cavab verməyən qurumların rəsmi email adresinə sorğu göndərmək tövsiyə edilir. Bu zaman əldə sübut olur. Sabah iddia qaldıranda bu sübutlar işə yarayır”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, sorğu verib cavab ala bilmədikdə məsələ birtərəfli qaydada işıqlandırılır və bu zaman media qurumu məsuliyyət daşımır:
“Ola bilər ki, yazı yazılır və qarşı tərəf məhkəməyə müraciət edir. Yaxud məhkəməyə müraciət etmədən aidiyyatı qurumlara həmin media orqanının cəzalandırılması üçün müraciət ünvanlanır. Bu zaman media qurumu yazılı sorğu göndərməsi haqda faktı ortaya qoya və cavab almadığını sübut edə bilər. Amma bu cür mübahisəli məqamlarda haqlı çıxmaqdan ötrü mütləq yazılı sorğu göndərilməlidir. Sorğunun tipinə görə, onun cavablandırılması müddəti mövcuddur. Elə sorğular var ki, daha operativ cavab tələb edir. Elələri də var ki, müəyyən zaman keçdikdən sonra cavablandırılması mümkündür. Əgər sorğuya heç bir cavab verilmirsə, bu zaman cəzalandırmaq üçün həmin qurumun rəsmi saytına ünvanlanan email çap edilərək götürülməli və məhkəməyə müraciət olunmalıdır. Sorğuya cavab verilmədiyinə görə, iddia qaldırıb aidiyyatı qurumun cəzalandırılmasına nail olmaq mümkündür”.
Tehsil-press.az